Hazırda ölkəmizdə 7 sənaye parkı (Sumqayıt Kimya, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları), 5 sənaye məhəlləsi (Hacıqabul, Neftçala, Masallı, Sabirabad və Şərur sənaye məhəllələri) fəaliyyət göstərir. Mövcud sənaye zonalarında investisiya həcmi 7 milyard manatdan çox olan 138 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
"Sənaye zonalarında istehsal olunan məhsulların bir çoxunun alıcısı Türkiyə şirkətləridir"
FED.az xəbər verir ki, bu barədə İZİA-nın İdarə Heyətinin sədri Elşad Nuriyev Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutan “Azərbaycan Respublikasında investisiya qoyuluşu imkanları” panelində çıxışı zamanı deyib.
O qeyd edib ki, indiyədək sənaye zonalarına 6,6 milyard manat investisiya yatırılıb və 11 mindən çox daimi iş yeri yaradılıb.
“Növbəti mərhələdə sənaye zonalarına mövcud layihələr üzrə 864 milyon manat investisiyanın yatırılması, 6700-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonalarında indiyədək ümumilikdə 11,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,6 milyard manatlıq hissəsi ixrac olunub. Bu ilin 9 ayında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 2,3 milyard manatlıq məhsul satılıb ki, bunun 31 faizdən çoxu, yəni 722 milyon manatdan artıq hissəsi ixracın payına düşür. 2023-cü ilin 9 ayında 2,3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 22,9 faiz (722,3 milyon manat) olub. Bütün deyilənlər bir daha onu göstərir ki, sənaye zonaları qeyri-neft sektorunun inkişafında mühüm rol oynayırlar. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac edilib”, - deyə E.Nuriyev qeyd edib. (Azərtac)