2013-cü ildə fəaliyyətə başlamış “T-Finans LTD” MMC artıq illərdir ki, ən yeni texnoloji maşın və avadanlıqlarla təchiz edilmiş yeni müəssisə kimi gigiyenik tibbi geyimlər, hərbi geyimlər və bu istiqamətdə xüsusi mallar istehsal edir. “T-Finans LTD” MMC-nin 2020-ci il may ayının 10-da ulu öndər Heydər Əliyevin doğum günündə açılışını etdiyi yeni tikiş müəssisəsinin ilk filialının işğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Şükürbəyli kəndində açmağı qərara alınıb.
Elləcə də bax: Qarabağda sənaye və tekstil fabrikləri yaradılacaq
FED.az xəbər verir ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı qəsəbəsində və Şükürbəyli kəndində hərbi formaların tikilməsi fabrikinin açılış tədbirinin keçirilməsi məqsədilə 2021-ci ilin sentyabr ayından etibarən “Böyük Qayıdış” devizi altında böyük bir layihənin həyata keçirilməsinə başlanıb. Bu münasibətlə sentyabr ayının 1-də “T-Finans LTD” MMC-nin icraçı direktoru İlahə İlyasova və bir qrup əməkdaşı müasir Azərbaycanın qurucusu, ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb, məzarı önünə əklil qoyublar.
Həmçinin Azərbaycanın müstəqilliyi uğrunda canları, qanları bahasına mübarizə aparmış, bütöv Azərbaycan üçün son nəfəslərinə qədər döyüşüb şəhidlik zirvəsinə ucalmış Vətən övladlarının uyuduğu Şəhidlər xiyabanı və 2020-ci il iyulun 14-də Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olmuş, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülmüş Polad Həşimovun məzarı da ziyarət edilib, dualar oxunub, əklillər qoyulub və məzarları önünə gül dəstələri düzülüb. (Azərtac)