Azərbaycan Prezidenti İlham Əliyev Hacıqabulda avtomobil sənayesinin inkişafı üzrə yeni böyük layihənin həyata keçirildiyini açıqlayıb.
Avtomobil istehsalı azaldı - Gundə 10 maşn buraxılır
FED.az xəbər verir ki, dövlət başçısı avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının 3-cü iclasında çıxışı zamanı bildirib ki, Özbəkistanın avtomobil sənayesində qazandığı təcrübə Azərbaycana da ötürülür.
Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Özbəkistan arasında avtomobil istehsalı sahəsində ilk layihə artıq həyata keçirilib, hazırda isə əməkdaşlıq yeni mərhələyə keçir və tam istehsal dövrünün yaradılması nəzərdə tutulur.
“Hacıqabulda 80 milyon dollardan çox investisiya yatırılması planlaşdırılır və ikinci zavod tikilir. Bu zavod, əslində, ölkəmizin avtomobil sənayesinə böyük təkan verəcək”, – Prezident İlham Əliyev bildirib.
Dövlət başçısının açıqlamasından görünür ki, Hacıqabulda reallaşdırılan yeni layihə yalnız avtomobillərin yığılması ilə məhdudlaşmayacaq, istehsal prosesinin daha geniş mərhələlərinin Azərbaycanda təşkil edilməsi istiqamətində inkişaf etdiriləcək.
Yeni zavoda 80 milyon dollardan çox sərmayənin yatırılmasının planlaşdırılması Hacıqabul Sənaye Məhəlləsinin avtomobil istehsalı üzrə ölkənin əsas sənaye mərkəzlərindən birinə çevrilməsi perspektivini gücləndirir.
Azərbaycan və Özbəkistan son illərdə avtomobil sənayesi daxil olmaqla bir sıra istehsal və investisiya layihələri üzrə əməkdaşlığı genişləndirir. Hacıqabuldakı ikinci zavodun istifadəyə verilməsi ilə ölkədə avtomobil istehsalının həcminin və lokallaşdırma səviyyəsinin artırılması üçün yeni imkanların yaranacağı gözlənilir.












