Yaxın günlərdə yenidən dollar istiqrazı buraxmağa hazırlaşan «Azergold» ASC-nin maliyyə göstəriciləri açıqlanıb. Maliyyə göstəriciləri 2023-cü ilin 1-ci yarısını əhatə edir.
“AzerGold” illik 6 faiz ilə 20 milyon dollar borc alır
FED.az xatırladır ki, şirkət son 3 il mənfəətlə başa vurub. Belə ki, 2020-ci ildə şirkətin gəlirləri 187 milyon manat, 2021-ci ildə 190 milyon manat, 2022-ci ildə isə 210 milyon manat olub.
Bu illər ərzində şirkətin xalis mənfəəti isə illər üzrə müvafiq olaraq 82 milyon manat, 50 milyon manat və 51,4 milyon manat təşkil edib.
Son 3 ildə şirkət sürətlə böyüyüb – 2020-ci ildə «Azergold»un aktivləri 238 milyon manat olduğu halda, 2021-də bu rəqəm 341 milyon, 2022-ci ildə isə 608 milyon manat təşkil edib. Hazırda cəmiyyətin aktivləri 700 milyon manata çatıb.
Cəmi kapital isə 2020-ci ildəki 166 milyon manatdan 2022-ci ilin sonuna 448 milyon manata yüksəlib, yəni təqribən 3 dəfə artıb.
2023-cü ilin ilk yarısında isə şirkətin gəlirləri 40,4 milyon dollar olub, bu 2022-ci ilin ilk 6 ayının nəticəsindən təqribən 8 milyon dollar azdır, 2022-nin ilk 6 ayında şirkətin gəlirləri 48,1 milyon dollar olmuşdu. Satışların maya dəyəri isə əksinə, yüksəlib və 2022-ci ilin ilk 6 ayındakı 27 milyon dollardan 32,4 milyon dollara artıb.
2023-cü ilin ilk 6 ayında «Azergold»un ümumi və inzibati xərcləri 25% artaraq 10 milyon dolları keçib. Nəticədə şirkət yarım ili 1 milyon 171 min dollar zərərlə tamamlayıb.