Çovdar” yatağının birinci fazası üzrə 243 min unsiyadan çox qızıl hasil edilib.
FED.az xəbər verir ki, bu barədə "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov yanvarın 30-da ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, Daşkəsən rayonunda yerləşən “Çovdar” qızıl yatağı “AzerGold” QSC-nin ilk mədən layihəsidir. Cəmiyyət tərəfindən yataqda hasilat işlərinə 2017-ci ildə başlanılıb. 2016-cı ildə yatağın satılabilən qızıl ehtiyatı 179 min unsiya hesablansa da, istismar işləri ilə paralel həyata keçirilən optimallaşdırma və əlavə kəşfiyyat işləri nəticəsində yatağın satılabilən qızıl ehtiyatı 535 min unsiyaya çatdırılıb. Həmçinin, geoloqlarımız tərəfindən kəşf edilmiş “Ağyoxuş” qızıl yataqları qrupu və “Mərəh” qızıl yatağı, eləcə də SSRİ dövründə kəşf edilmiş, müasir dönəmdə məhz geoloqlarımız tərəfindən geniş tədqiq edilmiş “Tülallar” qızıl yatağı hesabına satılabilən ümumi qızıl ehtiyatı daha 243 min unsiya artırılaraq, 778 min unsiyaya çatdırılıb. Bununla da 2016-cı ildən 2023-cü ilədək “Çovdar” və cinahlardakı yataqlar hesabına ümumi satılabilən ehtiyat bazasının 4 dəfədən çox artırılmasına nail olunub.
"“Çovdar” yatağının birinci fazası – oksid mərhələsi üzrə 2021-ci ildə istismar işləri tamamlanıb, 243.4 min unsiya həcmində qızıl hasil edilib. “Çovdar” yatağının ikinci fazası – sulfid mərhələsi və cinah yataqları üzrə hasilata başlanılıb" - deyə sədr əlavə edib.