"Boston Consulting Group" şirkətinin hesablamalarına görə, "Daşkəsən dəmir filizi" layihəsinin investisiya dəyəri 1,7 milyard manat qiymətləndirilib.
Dəmir istehsalı zənciri üzrə layihələndirmə işləri uğurla davam etdirilir - FOTOLAR
FED.az xəbər verir ki, bu barədə "Daşkəsən Dəmir Filizi" MMC-nin baş direktoru Ceyhun Əliyev ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında deyib.
Baş direktor qeyd edib ki, dəmir filizi yataqlarının istismara verilməsi ilə 2047-ci ilədək ÜDM-ə 7.5 milyard manat dəyərində töhfə veriləcəyi proqnozlaşdırılır. Həmçinin ölkəmizin qeyri-neft-qaz sektorunun inkişafına xidmət edən layihənin icra müddətində birbaşa və dolayı effekti nəzərə alınaraq, minlərlə daimi iş yerinin açılması ilə Gəncə-Daşkəsən iqtisadi rayonunun məşğulluq göstəricisinə əhəmiyyətli töhfənin verilməsi gözlənilir.
"Müsbət iqtisadi və sosial təsirləri ilə yanaşı, burada hasil edilən filiz süxurlarında ortalama dəmir tərkibinin nisbətən aşağı olması, ölkəmizin okean sularına birbaşa çıxışının olmaması və digər faktorlar layihəni müəyyən qədər mürəkkəbləşdirsə də, layihəyə xarici investorlar tərəfindən kifayət qədər maraq göstərilir. Bu xüsusda layihənin yüksək investisiya dəyəri nəzərə alınaraq, maliyyələşmədə dövlət büdcəsinə əlavə yük yaratmamaq üçün prosesə investorun cəlb edilməsi ilə bağlı hazırda bir sıra iri potensial partnyor şirkətlərlə danışıqlar davam etdirilir. Bütün maraqlı tərəflərin təklif və şərtləri qiymətləndirildikdən sonra layihənin ölkəmiz və xalqımız üçün ən əlverişli formada icrası təmin ediləcək" - deyə Ceyhun Əliyev əlavə edib.