"Çin şirkətləri Cənubi Qafqazın keramika istehsalı üzrə ən böyük müəssisəsinin tikintisinə sərmayə qoyur".
FED.az xəbər verir ki, bunu Çinin Azərbaycandakı səfirliyinin iqtisadi-ticari məsələlər üzrə müşaviri Ma Çi deyib.
“COVID-19 pandemiyası, dünya iqtisadiyyatının ləng bərpası, istehsal və logistika zəncirlərinin qeyri-sabitliyi kimi bir çox mənfi amillərə baxmayaraq, Çin və Azərbaycan arasındakı ticarət sabit inkişaf tendensiyasını qoruyub. Çin Azərbaycanın ticarət tərəfdaşları arasında beşinci yerdədir və idxalın üçüncü ən böyük mənbəyidir”, - səfirliyin müşaviri bildirib.
Onun sözlərinə görə, ikitərəfli əməkdaşlıq neft və qazın kəşfiyyatı və istismarı, neft-qaz xidmətləri, informasiya və rabitə, emal və istehsal, alternativ və bərpa olunan enerji mənbələri, transsərhəd daşımaları kimi sahələrdə inkişaf edir. Çin şirkətləri Cənubi Qafqazın keramika istehsalı üzrə ən böyük müəssisəsinin tikintisinə sərmayə qoyur, Zəngilan rayonunda “ağıllı kənd” üçün şəbəkə infrastrukturu və qabaqcıl həlləri təqdim edir: “Həmçinin yaxın gələcəkdə Çin şirkətlərinin inşa edəcəyi ümumi quraşdırılmış gücü 470 MVt olan alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edən iki yeni elektrik stansiyası layihəsinin icrasına başlanılacaq”. (Report)