Çinli alimlər dünyanın ilk 20 giqavattlıq mikrodalğalı silahını yaradıblar. Bu silah bir dəqiqə ərzində yüksək enerjili impulslar yaratmaq qabiliyyətinə malikdir.
“SpaceX” telefon siqnallarını kosmosdan birbaşa smartfonlara ötürəcək - PEYKLƏR BURAXIB
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.
Məlumata görə, kompakt yerüstü sistem Yer kürəsinin aşağı orbitində yerləşən peyklərin, o cümlədən “Starlink” peyklərinin işini pozmaq və ya onları zədələmək imkanına malikdir.
Nəşrin yazdığına görə, TPG1000C adlanan cihaz Şensi əyalətinin Sian şəhərində yerləşən Şimal-Qərb Nüvə Elmləri və Texnologiyaları İnstitutunda hazırlanıb. Qurğunun uzunluğu dörd metr, çəkisi isə beş tondur. Bu isə onun yük avtomobillərinə, hərbi gəmilərə, təyyarələrə və hətta peyklərə quraşdırılmasını mümkün edir. Qəzet qeyd edir ki, əvvəllər oxşar sistemlər fasiləsiz olaraq üç saniyədən artıq işləyə bilmirdi və daha mürəkkəb quruluşa malik idi.
Bildirilib ki, TPG1000C bir seans ərzində 3000-dək yüksək enerjili impuls yarada bilir. Bu da hazırda mövcud olan analoji sistemlərin göstəricilərini xeyli üstələyir. Nəşr vurğulayır ki, əgər Çin gələcəkdə bu sistemi kosmosa yerləşdirsə, onun gizli hücum imkanları daha təhlükəli olacaq və aşkarlanması xeyli çətinləşəcək. (Azərtac)










