Gədəbəydə yerləşən “Gilar” yatağında ilk dəfə filiz hasil edilib.
Britaniya şirkəti bu il Azərbaycanda qızıl hasilatını kəskin artıracaq
FED.az xəbər verir ki, bu barədə Azərbaycanda qızıl, mis və gümüş istehsalçısı olan Böyük Britaniyanın Anglo Asian Mining PLC (AAM) şirkətindən bildirilib.
Qeyd edilib ki, ilkin hasilat 1 267 ton filiz təşkil edib. Onun tərkibində orta hesabla 0.65% mis (maksimum 1.63% mis) və 1.36 qram qızıl/t (maksimum 3.27 q/t qızıl) olub. Şirkət yaxın aylarda istehsalı tədricən artırmağı və aylıq 50 -60 min ton filiz hasilatına nail olmağı planlaşdırır.
Qeyd edək ki, Gilar yatağına dair ilkin JORC mineral ehtiyatları qiymətləndirməsi 11 dekabr 2023-cü ildə dərc edilib. Hesabata görə, Gilar yatağında orta hesabla 0.88% mis tərkibli 6.10 milyon ton filiz mövcuddur ki, bu da təxminən 54 min ton mis deməkdir. Bundan əlavə, orta hesabla hər ton filizdə 1.30 qram qızıl olmaqla, ümumilikdə 255 min unsiyadan çox qızıl ehtiyatı müəyyən edilib.
Xatırladaq ki, “Anglo-Asian Mining” Azərbaycanda 1997-ci il avqustun 21-də imzalanmış PSA (Production Sharing Agreement/Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasilatla məşğul olur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo-Asian Mining Plc.” şirkətinin payı 49% təşkil edir. (Apa)