Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun direktoru, akademik Akif Əlizadə ilə “AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) idarə heyətinin sədri Zakir İbrahimov arasında işgüzar görüş keçirilib.
Eləcə də bax: “AzerGold” QSC-nin cari ilin 8 ayı üzrə uğurlu iqtisadi nəticələri - HESABAT
QSC-dən FED.az-a bildirilib ki, Geologiya və Geofizika İnstitutunda keçirilən görüşdə akademik A.Əlizadə rəhbərlik etdiyi elm ocağının Azərbaycanda geologiya elminin inkişafı, yeni geoloqlar nəslinin yetişdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. O, “AzerGold” QSC-nin ölkəmizdə faydalı qazıntı yataqlarının kəşfiyyatı və idarə olunması sahəsində mühüm işlər gördüyünü qeyd edib, institutun geoloq-alimlərinin də məsləhətçi qismində layihələrdə iştirakını məmnunluqla xatırladıb, birgə əməkdaşlığın davam etdirilməsinin qarşılıqlı faydalı olacağını deyib.
“AzerGold” QSC-nin idarə heyətinin sədri Z.İbrahimov Azərbaycanda geologiya elminin inkişafında xüsusi xidmətləri olan görkəmli alimlərimizə daim hörmət və ehtiram bəslənildiyini, bu gün də sözügedən sahənin bütün incəliklərinə bələd olan qocaman geoloqların məsləhət və tövsiyələrinə ciddi ehtiyac olduğunu vurğulayıb. O, Geologiya və Geofizika İnstitutu ilə əməkdaşlığın həm ətraf mühiti mənfi təsirlərdən qorumaqla dağ-mədən sahəsində uğurlu fəaliyyətin davam etdirilməsinə, həm də bu sahədə peşəkar mütəxəssis hazırlığı prosesinin daha da genişləndirilməsinə əsaslı töhfə verəcəyini diqqətə çatdırıb. Z.İbrahimov geoloq-alimlərimizin zəngin bilik və təcrübəsinə arxalanaraq hazırda yeni mədən layihələrinin işlənməsində bir sıra prioritet sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, 2016-ci ildə Geologiya və Geofizika İnstitutu və “AzerGold” QSC arasında əməkdaşlığa dair memorandum imzalanıb. Birgə əməkdaşlıq çərçivəsində institutun yüksək dərəcəli alim-mütəxəssislərinin intellektual potensialından QSC-nin kəşfiyyat layihələrinin hazırlanmasında məsləhətçi qismində istifadə edilib. Həmçinin əməkdaşlıq çərçivəsində ölkənin qızıl yataqlarının geoloji-genetik modelləri hazırlanıb. Həmin modellər QSC-nin geoloqları tərəfindən proqnozlaşdırmada geniş istifadə edilməkdədir.