“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) fəaliyyətə başladığı gündən etibarən bir çox istiqamətlər üzrə əhəmiyyətli irəliləyişlərə və böyük uğurlara nail olmuşdur. FED.az xəbər verir ki, ölkənin qeyri-neft sektorunda dağ-mədən sənayesini uğurla təmsil edən “AzerGold” QSC-nin cari ilin 8 ayı ərzindəki fəaliyyəti bütün sahələr üzrə yüksək artım göstəriciləri ilə nəticələnmişdir.
Belə ki, Cəmiyyət tərəfindən ötən 8 ayda əsas satış məhsulu olan qızıl üzrə nəzərdə tutulmuş plandan 4 752 unsiya daha çox olmaqla, ümumilikdə 39 312 unsiya qızıl hasil edilmişdir. Bu, faizlə ifadə etsək, hasilat üzrə planla müqayisədə 14% artım deməkdir. Bu hasilat göstəriciləri istehsalatda həyata keçirilən optimallaşdırma işləri və müasir texnoloji metodologiyaların tətbiqi sayəsində əldə edilmişdir.
Məlum olduğu kimi, cari ilin 8 ayında qeyri-neft sektoru üzrə ixrac olunan məhsullar arasında qızıl ilk üçlükdə qərarlaşmışdır. Həm hasilat həcminin, həm də dünya bazarlarında qızıl qiymətlərinin artması fonunda “AzerGold” QSC-nin ixrac əməliyyatlarından ölkə iqtisadiyatına cəlb etdiyi valyutanın həcmində də artım qeydə alınmışdır. Cari ilin yanvar ayından sentyabr ayınadək “AzerGold” tərəfindən icra edilən ixrac əməliyyatları nəticəsində ölkə iqtisadiyyatına 68.5 milyon ABŞ dolları (116.4 milyon manat) məbləğində vəsait cəlb edilmişdir.
Cari ilin 8 ayında qızıl və gümüş ixracından əldə edilən gəlir ötən ilin analoji dövrü ilə müqayisədə 32%, yaxud 16 milyon ABŞ dolları (28 milyon manat) çoxdur. Həmin dövr ərzində Cəmiyyət tərəfindən dövlət büdcəsinə 6 milyon manatdan çox vəsait ödənilib. Bu vəsaitin 4.8 milyon manatı vergilərin, 1.2 milyon manatı isə Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür. Ümumilikdə isə, QSC-nin bütün fəaliyyət dövrü ərzində dövlət büdcəsinə 36,7 milyon manat vergi şəklində ödənilib. Bu vəsaitin 31,6 milyon manatı vergilərin, 5,1 milyon manatı Dövlət Sosial Müdafiə Fonduna edilən ödənişlərin payına düşür.
Sadalanan iqtisadi nəticələr istismarı edilən yalnız bir – “Çovdar” qızıl yatağında həyata keçirilən fəaliyyət sayəsində əldə olunub. Hal-hazırda yeni yataqların istismara hazırlanması istiqamətində də intensiv işlər davam etdirilir.Təbii ki, bu sahədə işlərin icrasına kifayət qədər böyük maliyyə vəsaiti tələb olunur. Yeni yataqların işlənməsi, eləcə də əldə olunan müsbət iqtisadi artım göstəricilərinin daha yüksək dinamika ilə davamlılığının təmin edilməsi üçün Cəmiyyət tərəfindən kapital qoyuluşu həyata keçirilməkdədir. “AzerGold” QSC mənfəətlə çalışan dövlət şirkəti olaraq yeni layihələrə sərmayə qoyuluşunu təkcə əldə etdiyi gəlirlər (məlumat üçün, Cəmiyyətin ötən ilki fəaliyyəti nəticəsində əldə edilmiş 21 milyon manat həcmində xalis mənfəətin 15 milyonu Nizamnamə kapitalına yönəldilməsi qərara alınmışdır) və dövlət hesabına deyil, həm də alternativ maliyyə mənbələrinin hesabına həyata keçirməyi qarşıya məqsəd qoyub. Bu xüsusda qeyd olunan maliyyə mənbələrinin sırasına istiqrazların emissiyası da daxildir.
Belə ki, Cəmiyyət tərəfindən yaxın gələcəkdə Bakı Fond Birjası vasitəsi ilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılması planlaşdırılır. Planlaşdırılan qiymətli kağızların emissiyası təkcə “AzerGold”un investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır.
İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq.
Qeyd edək ki, Cəmiyyətin fəaliyyətinin nəticələrinin yüksək mənfəətliliklə müşayət olunması tədavülə buraxılacaq qiymətli kağızların daha etibarlı və dayanıqlı olmasına təminat verir. Yeni istiqrazlar “AzerGold”un uzun müddətli inkişafında pay sahibi olmaqla yanaşı, qiymətli kağızlar bazarının daha da inkişaf etməsinə təkan verəcək