Hazırda Azərbaycanın iqtisadi zonalarında 7 milyard manatdan çox investisiya layihəsi ilə 138 sahibkarlıq subyekti rezident statusu alıb.
"Sənaye zonalarında istehsal olunan məhsulların bir çoxunun alıcısı Türkiyə şirkətləridir"
FED.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev Azərbaycan-Türkiyə İnvestisiya Forumunda deyib.
"Hazırda ölkəmizdə yeddi sənaye parkı (Sumqayıt, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və "Araz Vadisi İqtisadi Zonası") və beş sənaye rayonu (Hacıqabul, Nefçala, Masallı, Sabirabad və Şərur) fəaliyyət göstərir.
Altı sənaye zonasında 6 milyard manat investisiya qoyulub və 11 mindən çox daimi iş yeri açılıb. Növbəti mərhələdə sənaye zonalarındakı mövcud layihələrə 864 milyon manat investisiya qoyulacaq və 6700-dən çox daimi iş yeri açılacaq", - deyə E.Nuriyev qeyd edib.
Onun sözlərinə görə, bu gün sənaye zonalarında 11,1 milyard manat dəyərində məhsul istehsal olunub, bunlardan 3,6 milyard manat dəyərində məhsul ixrac olunub.
"Bu ilin 9 ayı ərzində sənaye zonalarında fəaliyyət göstərən şirkətlər tərəfindən 2,3 milyard manat dəyərində məhsul satılıb, bunların 31 faizi (dəyəri 722 milyon manatdan çox) ixrac olunub. Qeyd olunan dövrdə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faiz olmaqla qeyri-xammal məhsullarının ixracında payı 17,9 faiz olub. Bütün bunlar sənaye zonalarının qeyri-neft sektorunun inkişafında mühüm rol oynadığını göstərir, burada istehsal olunan məhsullar dünyanın 60-dan çox ölkəsinə ixrac olunur", - deyə E.Nuriyev əlavə edib. (Trend)