Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-aprel aylarında 15,5 mlrd. manatlıq və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox sənaye məhsulu istehsal edilib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 15,5% artıb.
Sənaye məhsulunun 69,7%-i mədənçıxarma sektorunda, 25,1%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,6%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Eləcə də bax: I rübdə AÇG-dən 7 mln. ton neft hasil edilib
Mədənçıxarma sektorunda neft hasilatı planlaşdırılmış təmir işləri ilə əlaqədar "Azəri-Çıraq-Günəşli" yatağının "Mərkəzi Azəri" platformasında hasilatın müvəqqəti dayandırılması səbəbindən 3% azalıb, əmtəəlik qaz hasilatı isə 43,5% artıb.
Emal sektorunda ağacın emalı və ağacdan məmulatların istehsalı 81,7%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 76,7%, içkilərin istehsalı 57,1%, əczaçılıq məhsullarının istehsalı 54,2%, mebel istehsalı 50,7%, toxuculuq sənayesi məhsullarının istehsalı 48,1%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 43,6%, kağız və karton istehsalı 33,1%, kimya sənayesi məhsullarının istehsalı 31,2%, rezin və plastik kütlə məmulatlarının istehsalı 28,7%, qida məhsullarının istehsalı 21,8%, tütün məmulatlarının istehsalı 21,1%, maşın və avadanlıqların istehsalı 12,1%, geyim istehsalı 10,2%, poliqrafiya məhsullarının istehsalı 7,4%, tikinti materiallarının istehsalı 5,0%, hazır metal məmulatlarının istehsalı 4,8%, elektrik avadanlıqlarının istehsalı 2,6%artıb, sair nəqliyyat vasitələrinin istehsalı 4,2%, kompüter, elektron və optik məhsulların istehsalı 14,2%, metallurgiya sənayesi məhsullarının istehsalı 16,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı isə 29,5%azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 2,1%, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 9,4% artıb.