2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 1 min 679,3 kq qızıl hasil edilib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 18,4% azdır.
Eləcə də bax: Gümüş qiymətlərinin artacağı - GÖZLƏNİLİR
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 4 min 151,1 kq gümüş (artım 49%) hasil edilib.
Hasil edilən qızıl və gümüş emala göndərilib.
1 avqust 2022-ci il tarixinə istehsalçı şirkətlərin anbarlarında qızıl ehtiyatının həcmi 423,8 kq, gümüş ehtiyatının həcmi 717,1 kq təşkil edir.
Hazırda Azərbaycanda qızıl və gümüş hasilatı 2 şirkət tərəfindən həyata keçirilir. Azərbaycan 1997-ci il avqust ayının 21-də Production Sharing Agreement tipli müqavilə imzalayıb. Müqavilə 6 yatağın – Naxçıvanda 1, Gədəbəydə 2, Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir. Müqaviləyə görə, bu 6 yataqdan 400 ton qızıl hasilatı planlaşdırılır.
Bundan başqa, Prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılan “AzerGold” QSC tərəfindən də qızıl və gümüş hasilatı həyata keçirilir.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Azərbaycan hökuməti və “Anglo Asian Mining PLC” şirkəti arasında Production Sharing Agreement (PSA) tipli müqavilə 1997-ci il avqust ayının 21-də imzalanıb və 6 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, “Anglo Asian Mining PLC” şirkətinin payı 49% təşkil edir.
2021-ci ilin sentyabr ayında imzalanmış yeni müqaviləyə əsasən, 3 yeni müqavilə bloku “Anglo Asian Mining”in sərəncamına verilib və şirkət bir yatağı işləmək hüququndan imtina edib. Bununla da hazırda şirkət Azərbaycanda 8 müqavilə sahəsini işləmək hüququna malikdir.
Hazırda “Anglo Asian Mining” “Gədəbəy” və “Qoşa” müqavilə sahələrindən qiymətli metal hasil edir. (İnterfaks-Azərbaycan)