İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Neftçala Sənaye Məhəlləsinin rezidenti "Gedik Kaynak" MMC Türkmənistana 100 ton həcmində elektrod məhsulu olan ikinci partiyanı ixrac edib.
Azərbaycan ilk dəfə olaraq Özbəkistana elektrod ixracına başlayıb
FED.az xəbər verir ki, eyni həcmdə olan ilk partiya bir necə gün öncə bu ölkəyə yola salınıb.
Şirkət ümumilikdə Türkmənistana mərhələli şəkildə 600 ton elektrod göndərməyi nəzərdə tutur.
"Gedik Kaynak"ın direktoru Taleh Salmanov bildirib ki, şirkət 2021-ci ildə Neftçala Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb və müəssisədə hazırda 2 növdə olmaqla 8 ölçüdə elektrod istehsalı həyata keçirilir.
Onun sözlərinə görə, növbəti mərhələdə müəssisədə paslanmayan və alüminium elektrodların istehsalına başlanılması planlaşdırılır.
Azərbaycanın yeganə elektrod istehsalçısı olan müəssisənin illik istehsal gücü 330 tondur. İnvestisiya dəyəri 7,5 milyon manat olan zavodda 20-dən artıq daimi iş yeri yaradılıb.
Müəssisədə istehsal edilən məhsullar "Geka" brendi altında daxili bazara çıxarılmaqla yanaşı, İraq, Özbəkistan və Türkmənistana ixrac edilir. Hazırda Rusiya və Qazaxıstana satış istiqamətində də danışıqlar aparılır. (Report)