İqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində səfərdədir. Səfər çərçivəsində bir sıra görüşlər keçirlib, müzakirələr aparılıb.
Eləcə də bax: Azərbaycan holdinqi Dubay şirkətilə - ANLAŞDI
FED.az xəbər verir ki, noyabrın 3-də İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri vəzifəsini icra edən Elşad Nuriyev və “Dubai Industrial City”nin direktoru Saud Abu Al Shawarey arasında görüş keçirilib.
Agentliyin yaydığı məlumata görə, görüşdə Elşad Nuriyev ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, burada sahibkarlar üçün yaradılmış əlverişli şərait, rezidentlər üçün tətbiq edilən güzəşt mexanizmləri və göstərilən xidmətlər barədə məlumat verib.
Bundan başqa ikitərəfli görüşdə rezidentlər arasında qarşılıqlı əlaqələrinin yaradılması, onlar arasında ticarət, emal və ixrac əməkdaşlığının qurulması istiqamətində müzakirələr aparılıb, İqtisadi Zonaların İnkişafı Agentliyi ilə Dubai Industrial City arasında yaxın vaxtlarda əməkdaşlıq memorandumunun imzalanmasına dair razılıq əldə edilib.
Qeyd edək ki, “Dubai Holding”in tərkibində fəaliyyət göstərən “Dubai Industrial City”nin əsası 2004-cü ildə qoyulub və BƏƏ-nin Dubay şəhərində 5202 hektar ərazini əhatə edən sənaye parkıdır. Hazırda sənaye parkının ərazisində 200-dən çox müəssisə fəaliyyət göstərir və 3,5 milyard ABŞ dolları həcmində investisiya yatırılıb. (Marja)