“Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti “ASK Şüşə” MMC 2020-ci ildə fəaliyyətinin nəticələrini açıqlayıb.
Eləcə də bax: “ASK Ayaqqabı Fabriki” zərərlə işləməkdə - Davam Edir
FED.az xəbər verir ki, MMC-dən bildirilib ki, dünyanı cənginə alan COVID-19 pandemiyası şəraitində fəaliyyət göstərən müəssisisə ili uğurla başa vurub. Qeyd edilib ki, 2019-cu ildə “ASK Şüşə” MMC 36 çeşiddə şüşə məmulatları istehsal edib. Məlum çətinliklərə baxmayaraq, müəssisə çeşid palitrasını genişləndirərək, 2020-ci ildə 61 çeşiddə məhsul istehsalına nail olub.
Əldə olunan nəticələrin statistikası müsbət tendensiyadan xəbər verir. Belə ki, ötən ildə 2019-cu illə müqayisədə şüşə məmulatlarının istehsalı və satışı yüksəlib. 2020–ci ildə müəssisədə 61.997.887 ədəd şüşə istehsal olunub ki, bu da 2019–cu ildəki göstəricidən 24.141.717 ədəd çoxdur.
Məhsulun satışı üzrə də rəqəmlərin dinamikası müsbətdir: əgər 2019–cu ildə 34.444.228 ədəd şüşə məmulatı satılıbsa, ötən il 55.422.272 ədəd məhsul bazarda alıcısını tapıb.
Ölkəmizin ictimai çağırışlarına fəal qoşulan “ASK Şüşə” MMC-nin kollektivi Böyük Qələbə anını yaxınlaşdırmaq üçün yüksək əzmlə çalışıb, işçilərin təşəbbüsü ilə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna əməkhaqları hesabına bir neçə dəfə ianə ediblər. Bu nəcib təşəbbüsə müəssisə əməkdaşları ilə yanaşı, MMC-də çalışan Rusiya, Qazaxıstan, Ukrayna və Moldova vətəndaşları da böyük həvəslə qoşulublar.