“Azərbaycan Sənaye Korporasiyası” ASC-yə (ASK) məxsus “Azəralüminium” MMC və Almaniyanın “Achenbach Alpha GmbH” şirkəti arasında Gəncədə birgə müəssisənin təsis və idarə edilməsinə dair müqavilə imzalanıb.
Eləcə də bax: Gəncədə Almaniya ilə böyük şirkət yaradılır –132 MİLYON DOLLAR SƏRMAYƏ
FED.az bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.
Bununla əlaqədar keçirilən tədbirdə nazir Mikayıl Cabbarov bildirib ki, yeni alüminium zavodu layihəsi Avropa və ABŞ bazarlarına rəqabətədavamlı alüminium məhsullarının ixracına şərait yaradacaq.
ASK-nın baş direktoru Kamran Nəbizadə və “Achenbach Buschhütten GmbH”nin prezidenti və baş icraçı direktoru Andre Barten layihə barədə məlumat veriblər. Bildirilib ki, həyata keçiriləcək layihə çərçivəsində illik istehsal gücü 105 min ton olan alüminium yayma məhsullarının istehsalı nəzərdə tutulur. Bu layihənin xammal bazasının 55 min tonu Gəncədə hazırda istehsal olunan ilkin alüminiumdan və yeni qurulacaq təkrar emal istehsal xəttindən əldə ediləcək. Qalan 50 min ton alüminium isə qurulması planlaşdırılan ilkin alüminium istehsalı hesabına təmin ediləcək. Layihənin ümumi investisiya məbləği 451,2 milyon ABŞ dolları, birinci mərhələdə investisiya məbləği isə 132 milyon ABŞ dolları təşkil edir. Layihənin iki mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. 1-ci mərhələdə daha az elektrik tələb edən təkrar emal sahəsi və müvafiq avadanlıqların qurulması, 2-ci mərhələdə isə elektroliz zavodunun tikintisi və istiyayma prosesinin təşkili nəzərdə tutulur.