“Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC Abşeronda İnfuzion məhlulların istehsalı zavodunun tikilməsinə dair razılığa gəliblər.
Eləcə də bax: "Diamed" tibb mərkəzinin vəziyyəti - MƏLUM OLDU
FED.az xəbər verir ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) və “Diamed Development Group” MMC arasında İnfuzion məhlulların (su tərkibli dərman - İF) istehsalı zavodunun tikilməsinə dair investisiya müqaviləsi imzalanıb. İllik istehsal gücü 20 milyon ədəd məhsul olan zavod Bakının Pirallahı rayonunda yerləşəcək. Layihənin ümumi dəyəri 13,7 milyon manat ($8 milyon) təşkil edəcək”, - “İntrerfaks-Azərbaycan”a İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Layihədə AİŞ-in payı 20% təşkil edir. Müəssisədə 100 nəfərədək yeni iş yerinin yaradılması nəzərdə tutulur.
“Layihənin iqtisadi cəhətdən səmərəli və rentabelli olması, eləcə də idxaldan asılılığın azaldılması və yerli istehsala dəstəyi nəzərə alınmaqla AİŞ tərəfindən zavodun tikintisinin maliyyələşdirilməsinə dəstək göstərilməsi qərara alınıb”, - nazirlikdən vurğulanıb.
“Azərbaycan İnvestisiya Şirkəti” ASC 2006-cı il martın 30-da Azərbaycan prezidentinin fərmanı ilə təsis edilib. Şirkətin nizamnamə kapitalı 160 milyon manata bərabərdir. Şirkətin bütün səhmləri dövlətə məxsusdur. ASC-nin başlıca vəzifəsi iqtisadiyyatın qeyri-neft sektorunda fəaliyyət göstərən ayrı-ayrı ASC-lərdə və başqa kommersiya təşkilatlarında pay almaqla onların uzunmüddətli sərmayələşdirilməsidir.
"Diamed Co" zavodu 2019-cu ilin may ayında Pirallahı Sənaye Parkında istismara verilib. Zavodun tikintisinə investisiya qoyuluşları 9,5 milyon manat (təxminən $5,6 milyon) məbləğində olub. Şirkət zavodun inşası üçün 5 milyon manat güzəştli kredit alıb. (İnterfaks-Azərbaycan)