Xəbər verildiyi kimi, Ağdam Sənaye Parkında daha bir sahibkarlıq subyektinə rezident statusu verilib və bununla da rezidentlərin sayı 15-ə çatıb.
Ağdamda 10 milyon manatlıq - AYAQQABI FABRİKİ AÇILACAQ
FED.az xəbər verir ki, yeni rezident - "BAFCO İnvest" MMC-dir Sənaye parkında 10 milyon manat yatıraraq müxtəlif təyinatlı çəkmə və ayaqqabıların istehsalı müəssisəsi yaradacaq və 120 nəfəri işlə təmin edəcək.
Qeyd edək ki, "BAFCO İnvest" MMC yeni yaradılan şirkətdir və direktoru Elnur Allahverdiyev FED.az-a bildirib ki, indiyədək şirkət ayaqqabı sektorunda fəaliyyət göstərməyib. Şirkətin təsisçisi olan sahibkarlar ölkə iqtisadiyyatının bir sıra sahəsində müxtəlif bizneslərlə məşğuldur. Ayaqqabı biznesi isə bu şirkət üçün yeni sahədir.
Ağdam Sənaye Parkında qurulacaq şirkət müxtəlif təyinatlı təhlükəsizlik ayaqqabıları və poleretan tipli çəkmələr istehsal edəcək. İl ərzində şirkətin yarım milyon cütdən artıq, daha dəqiqi 510 min cüt çəkmə buraxacığı nəzərdə tutulub. Gələcəkdə istehsalın həcmi artaraq ildə 1-1,2 milyon cüt təşkil edəcək.
E.Allahverdiyevin sözlərinə görə, şirkət ayaqqabı istehsalı sahəsini təqribən bir ildir ki, araşdırır:
«Biz əsasən ixraca meylli istehsal qurmaq istəyirik və keçən ilin may ayından bu sahəni araşdırdıq, artıq 1 ildir bu sahədə ciddi araşdırmalarımız var. Ayaqqabı biznesi ilə bağlı araşdırmalar zamanı bu ayaqqabıların Azərbaycanda və xarici ölokələrdə maya dəyərlərini hesabladıq, Avropada, Türkiyədə müxtəlif sərgilərə getdik. Gələn həftə Hindistanda sərgidə olacağıq. Gördük ki, ciddi və maraqlı biznesdir».
Yeni qurulacaq müəssisənin istehalının böyük hissəsi də xaricə ixrac ediləcək: «Əsasən eksporta meylli biznes düşünürük, yerli bazardan, daha çox ixracata meylli. İldə 510 min cüt istehsal edə biləcəyik. İlkin mərhələdə plan budur».
Qeyd edək ki, hazırda bütün dünyada, o cümlədən Azərbaycanın özündə də təhlükəsizlik və poliuteran ayaqqabılara böyük tələbat var. Şirkət daxili bazarı araşdırarkən məlum olub ki, Statistika Komitəsinin verdiyi məlumata əsasən, təkcə 2021-ci ildə xaricdən Azərbaycana 997 milyon manatlıq belə çəkmələr idxal edilib.
E.Allahverdiyevin sözlərinə görə, müəssisə həm yerli bazarı bu məhsulla təmin etmək, amma əsasən xaricə ixrac etmək niyyətindədir.
Yeri gəlmişkən, poliuteran çəkmələr və təhlükəsizlik ayaqqabıları kimi geniş istifadə olunur. Bunların bir analoqları iş yerində istifadə olunan rezin uzunboğaz çəkmələrdir. Amma keyfiyyəti, komfortu və dözümlülüyünə görə poliuteran çəkmələr rezin çəkmələrdən qat-qat üstündür: «Poliuteran çəkmələr bildiyimiz rezin çəkmələrə bənzəyir, hansı ki, iş şəraitində geyinilir. Hazırda Azərbaycanda maya dəyəri ilə desək 10 manat civarında təklif olunan rezin çəkmələr əsasən İrandan, Çindən gətirilir. Amma poliuteran çəkmələrin Bakıda satış qiyməti 52 manatdır».
İş adamının sözlərinə görə, poliuteran çəkmələrin qiymətindəki fərq onun keyfiyyəti, dözümlülüyü və digər məsələlərdəki üstünlüləri hesabınadır.
«Əvvəla bu çəkmələr pis qoxu yaratmır, ikincisi rezin çəkmələrdən daha yüngüldür – adi rezin çəkmələrin cütü 1 kq olduğu halda, poliuteran çəkmələrin cütü 500 qramdır. Bu çəkmələr istiyə-soyuğa, suya qarşı dözümlüdür».
Şirkətin planlarına görə, artıq birinci ildən istehsalın böyük hissəsi xaricə, Avropaya ixrac ediləcək. Ümumilikdə "BAFCO İnvest" MMC-də istehsal olunacaq 510 min cüt ayaqqabının 160 min cütü poliuteran çəkmələr, 350 min cütü isə xüsusi təyinatlı ayaqqabılar olacaq. Poliuteran ayaqqabıların 140 mini, digər çəkmələrin isə 210 min cütü ixrac ediləcək. Qalan hissə daxili bazara satılacaq.
Qeyd edək ki, belə çəkmələr əsasən Avropada, Kanadada, Şimali Amerikada, Rusiyanın şimalında, Qazaxıstanda istifadə edilir. Onlara əsasən iqlim şəraiti soyuq olan yerlərdə təlabat var.
Amma şirkət xüsusi olaraq Avropa bazarına fokuslanıb. Bu da səbəbsiz deyil, araşdırma göstərir ki, Avropada təkcə təhlükəsizlik çəkmələrinə tələbat ildə 500 milyon cüt təşkil edir. Yəni bu bazar müəssisə üçün tam kifayət edir.
Ağdamda istehsal hələ başlamasa da, "BAFCO İnvest" MMC məhsulların Avropaya ixracı üçün hazırlıqlara indidən başlayıb: «Biz artıq Avropa sertifikatı üçün müraciət etmişik. Bütün Avropa məhsullarının üzərində olan CE - yəni Certificate of Europesertifikatını almaq niyətindəyik».
Bunun üçün zavodun bütün avadanlıqları və xammal Avropadan gətiriləcək: «Bizim zavodumuz sıfırdan qurulduğuna görə bütün avadanlıqlarımız təzədir, Almaniya istehsalı Desma avadanlıqları quraşdırılacaq. Bu avadanlıqlar varsa sertifikatı avtomatik almaq mümkündür».
Xammala gəlincə, Avropadan poliuteran və termo-poliuteran alınacaq və böyük ehtimalla bu Basf markasının istehsalı olacaq.
Təhlükəsizlik ayaqqabılarında isə poliuterandan başqa dəridən mal-qara dərisindən də istifadə edilir, E.Allahverdiyev bildirir ki, bu dərinin bir hissəsi yerli dəri emalı şirkətlərindən alınacaq: «Dərinin bir hissəsi yerli bazardan təmin ediləcək. İnək dərisi olacaq və Bakıda dəri istehsal edən yaxşı şirkətlər var. Gələcəkdə isə dərinin Ağdamda aşılanıb istehsal edilməsi də nəzərdə tutulur».
Qeyd edək ki, indiyədək bu çəkmələr Azərbaycana əsasən Çindən və İrandan, bir qədər, daha keyfiyyətli hissəsi isə Türkiyədən gətirilir.
Elnur Allahverdiyev bildirir ki, avadanlıqlar və xammalın Avropadan gətirilməsinə görə, çəkmələrin qiyməti İran və Çin mallarından bir qədər baha ola bilər: «Əslində poleretan Azərbaycanda 53 manata təklif edilir, amma biz o qiymətə satmaq istəmirik. Çünki ölkədə hansısa Avropa malı ilə yerli mal eyni qiymətə olmaz».
Amma Ağdamda buraxılan çəkmələr Çin və İran malları ilə asanlıqla rəqabət aparacaq: «Əgər keyfiyyət baxımından götürsək, biz ümumiyyətlə İran və Çin mallarını özümüzə rəqib görmürük. İran məhsulları ümumiyyətlə çox keyfiyyətsizdir. Bizim rəqibimiz Türkiyə ola bilər».
İş adamının sözlərinə görə, yerli istehal elə keyfiyyətli olacaq ki, hətta Azərbaycanda da ondan istifadə etmək iqtisadi cəhətdən daha sərfəli olacaq, məsələn, tikinti şirkətləri üçün: «Baxın, orta kateqoriyalı tikinti şirkətləri istəyir ki işçisinin ayaqqabısı normal ayaqqabı olsun. Çin və İran istehsalı ayaqqabılar 15 manata təklif edilir, amma ən uzağı 3 ay dözür. Bizim ayaqqabımız 30 manatdır, azı 6 ay dözür. İçində təhlükəsizlik metalları var, iş şəraitində fəhlənin ayağına mismar kimi cisimlər batmaması üçün. Yəni 6 aya keyfiyyətsiz ayaqqabıdan 2-3 cüt almaqdansa, bir cüt keyfiyyətli almaq sərf edir. Üstəlik təhlükəsizlik baxımından da məsləhətlidir. Bizim məhsulumuz sertifikatlıdır. Amma Çİn və İrandan gələn gətirilən çəkmələrin sertifikatı yoxdur. Azərbaycanda fəaliyyət göstərən heç bir beynəlxalq şirkət onu işçisinə almayacaq».
Yeri gəlmişkən, hazırda Azərbaycanda fəaliyyət göstərən beynəlxalq şirkətlər belə çəkmələri əsasən Tüurkiyədən və Avropadan alırlar. "BAFCO İnvest" MMC rəhbəri bildirir ki, Ağdam Sənaye Parkında istehsal başlayandan sonra xarici şirkətlər də keyfiyyətini görərək yerli məhsulu alacaqlar.
Qeyd edək ki, istehsalı qurmaq üçün "BAFCO İnvest" MMC şirkətinə Ağdam sənaye Parkında 2,5 hektar ərazi ayrılıb: «Rezidentlik almaq qətiyyən çətin olmadı, çox rahatlıqla müraciət etdik, planlarımızı təqdim etdik, rezidentlik verildi».
Müəssisənin tikintisinin yaxın vaxtlarda başlanması, və dekabr ayında işə düşəcəyi planlaşdırılır. Burada işçilərin sayı isə tədricən artaraq 2024-cü ilin sonunda 120 nəfərə çatacaq.
Elnur Allahverdiyev bildirir ki, Ağdam Sənaye Parkında biznesə təklif edilən güzəştlər və yaradılan hərait istehsalı burada qurmaq üçün ideal şərait yaradır: «Əslində bizim ora getməyimizdə birinci məqsəd subsidiyalardır. Ağdam Sənaye Parkı azad olunmuş torpaqlarda yerləşdiyinə görə xammal da vergidən azaddır. İkincisi, burada orda subsidiyalar daha çox verilir, işsizliyi aradan qaldırmaq üçün. Nəticədə yeni iş yerləri yaradılır».
Şirkətin hesablamalarına görə, Sənaye parkında tətbiq edilən güzəştlər məhsulun maya dəyərinin azı 20% aşağı düşməsinə imkan verir ki, bu da şirkətin məhsullarının həm yerli bazarda, həm də xaricə ixracda rəqabət qabiliyyətini artırır.
İstehsala başlamaq üçün şirkət Almaniyadan və Türkiyədən, «İmasan» firmasından konsultantlar cəlb etmək niyyətindədir. Ümumiyyətlə ilkin mərhələdə şirkətin istehsalat rəhbərinin türkiyəli mütəxəssis olacaq.