Ağdamda dəmir yolu avadanlıqları istehsal edəcək zavodun tikintisinə başlanılıb. Bu zavod Azərbaycanda dəmir yolu avadanlıqlarının istehsalını həyata keçirəcək ilk müəssisə olacaq.
Ağdam Sənaye Parkında 1,7 mindən artıq daimi - İŞ YERİ YARADILACAQ
FED.az xəbər verir ki, bunu “Rail Trans Service” MMC-nin Təchizat şöbəsinin rəhbəri Nəzrin İbadova deyib. Onun sözlərinə görə, tikinti işlərinin aparılması zamanı yerli xammaldan istifadə edilir. Zavod 4 korpusdan ibarət olacaq. 4 korpusun hamısının tikintisinə başlanılsa da, onlardan 2-nin daha tez - bu ilin dekabr ayının sonunda istismara verilməsi planlaşdırılır. Digər iki korpus 2024-cü ilin iyun ayında istifadəyə veriləcək.
N.İbadova bildirib ki, dekabrın sonundan zavod həm də ilk istehsala başlamağı nəzərdə tutur. “Made in Azerbaijan” brendi altında istehsal olunacaq yerli məhsullar ilk növbədə daxili bazar üçün nəzərdə tutulur. Məhsulların sifarişlərdən asılı olaraq Rusiya və Avropaya ixrac edilməsi planlaşdırılsa da, əsas ixrac bazarı Rusiya olacaq. Şirkətin Azərbaycan daxilində məhsullarının potensial alıcısı isə “Azərbaycan Dəmir Yolları” QSC-dir.
Layihəyə ümumilikdə 5,7 milyon manat investisiyanın yatırılması nəzərdə tutulur.
Xatırladaq ki, “Rail Trans Service” MMC Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. “Rail Trans Service” indiyədək dəmir yolu avadanlıqlarını Rusiyadan idxal edərək ölkə daxilində satırdı. Zavod fəaliyyətə başladıqdan sonra isə eyni məhsulların istehsalı ölkə daxilində həyata keçiriləcəyindən onların idxal edilməsinə ehtiyac qalmayacaq.
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam Sənaye Parkı 28 may 2021-ci il tarixində yaradılıb. Sənaye Parkının yaradılmasında məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəldilməsi, Qarabağın sənaye potensialının inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkil edilməsi, əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasıdır. (Azərbaycan iqtisadiyyatı Teleqram kanalı)