Gələn il Ağdam Sənaye Parkının daha bir rezidenti fəaliyyətə başlayacaq
Elşad Nuriyev: “Gələn il Ağdam Sənaye Parkında 5 müəssisə fəaliyyətə başlayacaq”
Ağdam Sənaye Parkının rezidenti “BAFCO İnvest” MMC-nin gələn ilin yanvar ayının 15-dən sonra fəaliyyətə başlaması gözlənilir.
FED.az xəbər verir ki, bunu “BAFCO İnvest” MMC-nin direktoru Elnur Allahverdiyev deyib.
Onun sözlərinə görə, Sənaye Parkının 1,3 hektar ərazisində ildə 500 min cüt ayaqqabı istehsal etmək gücündə olan müəssisənin inşası yekunlaşmaq üzrədir. Yanvar ayının ortalarına kimi müəssisədə avadanlıqların quraşdırılmasının yekunlaşdırılması nəzərdə tutulur.
İndiyədək şirkət bu müəssisəyə 6,2 milyon manat investisiya yatırıb.
“BAFCO İnvest” MMC müxtəlif təyinatlı çəkmə, tikintidə istifadə üçün nəzərdə tutulan, dəmir ucluqlu və altlıqlı təhlükəsizlik ayaqqabılarının istehsalı ilə məşğul olacaq. Fabrik istehsal üçün Avropa sertifikatı alan kimi - təxminən 2024-cü ilin ortalarından maksimum gücü ilə işləyəcək. Müəssisə tam gücü ilə işlədiyi zaman ay ərzində 45 min cüt ayaqqabı istehsal etməyi planlaşdırır. Lakin ilkin mərhələdə ay ərzində 15 min cüt ayaqqabı istehsal ediləcək.
“Made in Azerbaijan” brendi altında istehsal edilən ayaqqabıların 75 faizi xaricə ixrac ediləcək. Məhsulun 25 faizi isə yerli bazar üçün nəzərdə tutulur. (Azərbaycan iqtisadiyyatı, Teleqram kanalı)