2024-cü ilin dövlət büdcəsinin layihəsində səhiyyə xərcləri üçün 1871,3 milyon manat vəsait nəzərdə tutulub.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da 2023-cü illə müqayisədə 66,3 milyon manat və ya 3,7 faiz, 2022-ci ilin icra göstəriciləri ilə müqayisədə isə 453,4 milyon manat və ya 32,0 faiz çoxdur.
Səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 5,1 faiz (2023-cü illə müqayisədə 0,2 faiz-bənd çox), ÜDM-də xüsusi çəkisi isə 1,6 faiz (2023-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcəkdir. 2020-ci illə müqayisədə (koronovirus (COVID-19) pandemiyasına ayrılan vəsait istisna olmaqla) bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,1 faiz-bənd, mütləq ifadədə isə 552,7 milyon manat və ya 41,9 faiz artıb.
Səhiyyə xərcləri üçün ayrılmış vəsaitin 1376,0 milyon manatı (2023-cü illə müqayisədə 112,2 milyon manat və ya 8,9 faiz çox) və ya 73,5 faizi əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanması üzrə xərclərə, 2,2 milyon manatı və ya 0,1 faizi poliklinika və ambulatoriyaların saxlanılması xərclərinə, 231,5 milyon manatı və ya 12,4 faizi xəstəxanaların saxlanılması xərclərinə, 9,5 milyon manatı və ya 0,5 faizi səhiyyə sahəsində tətbiqi tədqiqatlar xərclərinə yönəldiləcək.