Azərbaycanda sahibkarlığın, xüsusilə istehsal sahələrinin inkişafına dəstək üçün yaradılan sənaye zonaları və parklarına investorlar tərəfindən maraq artmaqdadır.
Ağdamda 10 mln. manatlıq - AYAQQABI FABRİKİ AÇILACAQ
Təkcə 2023-cü ilin hələ tamam olmayan 4 ayı ərzində sənaye zonalarında 12 yeni rezident qeydiyyatdan keçib. Təqdim olunan layihələr üzrə 100 milyon manat investisiya yatırılması gözlənilir.
Bu barədə FED.az-a İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin sədri Elşad Nuriyev məlumat verib.
«Sənaye parklarında rezidentlərin sayı artmaqda davam edir. Son 4 ayda bizim əlavə 12 rezidentimiz qeydiyyatdan keçib. Bu rezidentlər sənaye parklarına ümumilikdə 100 milyon manat investisiya yatıracaqlar və əlavə 650 yeni iş yerinin açılması planlaşdırılır».
Agentlik rəhbərinin sözlərinə görə, yeni rezidentlər həm Ağdam Sənaye Parkında, həm də əvvəlcədən mövcud olan sənaye parklarında qeydiyyatdan keçiblər.
E.Nuriyev bildirib ki, artıq bəzi rezidentlər işə başlayıblar, bir çoxu isə, xüsusilə işğaldan azad edilmiş ərazilərdəki sənaye parklarında - əsas infrastrkautur işlərinin, məsələn qaz çəkilişinin bitməsini gözləyirlər. «Hazırda bu ərazilərdə infrastruktkur işləri davam edir, yol çəkilir, istilik və su təminatını təşkil edilir. Hazırda əsas gözlənti odur ki, qaz xətti çəkilsin, xüsusilə də Ağdam Sənaye Parkına».
Agentlik rəhbərinin sözlərinə görə, investorların müraciətləri göstərir ki, xüsusilə Ağdam Sənaye Parkına maraq böyükdür. Hətta Sumqayıtdakı rezidentlərdən biri buradakı zavodunu Ağdama köçürmək istiəyir.
Qeyd edək ki, indiyədək Bakıda fəaliyyət göstərən istehsal şirkətlərindən biri də öz müəssisəsini Ağdama köçürəcəyin elan edib.
Sənaye parkaları və zonalarındakı rezidentlərə vergi və gömrük güzəştləri tətbiq edilir. 2023-cü ilin əvvəlindən etibarən isə bu ərazilərdə fəaliyyət göstərən şirktlərdə işçilərin əmək haqqı ödənişi üzrə DSMF ödənişlərini də dövlət ödəyəcək.