“Müəyyən yoxlamaların ləğvinin bəzi özəl tibb müəssisələrində gigiyena, xidmət keyfiyyəti və peşəkar standartların aşağı düşməsinə səbəb olduğu hamımıza aşikardır”.
TƏBİB: "Həkimlərin maaşını artırmaq kifayət etmir"
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
Deputat qeyd edib ki, bəzi özəl müəssisələr yoxlamaların olmamasından sui-istifadə edərək keyfiyyətsiz və sertifikatsız tibbi xidmətlər təqdim edir: “İstehlakçı hüquqlarının müdafiəsində probemlər yarandı. Saxta və standartlara cavab verməyən müəssisələrin çoxalmasını müşahidə edirik. Bu o demək deyil ki, ölkədəki bütün özəl tibb müəssisələrinin hər birində problemlər var. Ölkədə kifayət qədər yüksək səviyyədə xidmət göstərən tibb müəssisələrimiz var. Dünya təcrübəsindən də bilirik ki, özəl tibb müəssisələri, həm də ölkələrdə ümumi tibbi keyfiyyətin artırılması üçün lokomativ rolunu oynayır. Amma bəzən yoxlamalardan sui-istifadə edərək nəzarətsiz qalan tibb müəssisələrinin bu şəkildə addımlar atması ölkədə cəmiyyətlə tibb sahəsi mütəxəssisləri arasında uçurumların yaranmasına səbəb olur”.
Millət vəkilinin sözlərinə görə, hamıya bəllidir ki, bu yoxlamaların dayandırılmasından keçən dövr ərzində Azərbaycanda səhiyyə büdcəsi 4.2 dəfə artıb: “Ölkədə dövlət tərəfindən həyata keçirilən səhiyyə islahatlarının ən yüksək səviyyədə tətbiqi üçün iş həyata keçirilir. Bu yoxlamaların dayandırılmasından sui-istifadə hallarının aradan qaldırılması üçün müzakirələrin aparılmasına, bəlli qayda və qanunların düzənlənməsinə ehtiyac var”.