Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yeni istifadəyə verilmiş qida və metrologiya laboratoriyaların təqdimatını keçirib.
Təqdimatda bildirilib ki, burada bütün növ ərzaq və kənd təsərrüfatı məhsullarının müxtəlif parametrləri üzrə sınaqlar aparılır.
Laboratoriya milli akkreditasiyadan keçməklə yanaşı, Almaniya Akkreditasiya Qurumu tərəfindən də akkreditasiya olunub. Bu isə laboratoriya tərəfindən verilən sınaq protokollarının Avropa İttifaqı ölkələrində tanınmasını, bununla da yerli məhsulların ixrac imkanlarının genişlənməsini təmin edir. Qida laboratoriyasında istifadə olunan avadanlıqlar Almaniya, Avstriya, Yaponiya, Rusiya, Türkiyə, ABŞ kimi ölkələrin istehsalıdır.
Həmçinin, Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye məhsullarının sınağı laboratoriyasında pambıq mahlıcı, tibbin hygroscopik pambıq, texniki pambıq çiyidi, ipliklər və digər yüngül sənaye məhsullarının sınağı aparılır.
Hazırda ölkədə akkreditasiya olunmuş 199 sınaq laboratoriyası, 39 kalibrləmə laboratoriyasının məhsul və xidmətlərin sertifikatlaşdırmasını həyata keçirən 12 orqan fəaliyyət göstərir. Aİ-nın həyata keçirdiyi tvinninq layihəsinin yekununda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının tanınma sazişinə qoşulması gözlənilir. Bu isə uyğunluq sertifikatının xarici ölkələrdə tanınmasını təmin edəcək.