Yeni növ koronavirus (Covid-19) peyvəndi hazırlayan Alman biotexnologiya şirkəti «BioNTech»in qurucu ortağı, Dr. Uğur Şahin bildirib ki, peyvəndlər nəticəsini versə, dünya artıq bu il yayın sonunda norma həyata qayıda bilər.
FED.az xəbər verir ki, Ukğur Şahinin sözlərinə görə, 2021-ci ilin sonuna qədər Türkiyəyə 30 milyon peyvənd satılacaq. Bunun 4,5 milyon dozası martın sonunadək çatdırılacaq.
Ümumilikdə 2021-ci ildə «BioNTech» şirkəti, Amerikanın «Pfizer» şirkəti ilə birlikdə 1 milyard doza peyvənd istehsal etmək və bunu 80 ölkəyə ixrac etmək niyyətindədir.
Uğur Şahin bildirib ki, istehsal etdikləri peyvənd bu günə qədər 1,5 milyon adama tətbiq edilib. Alim peyvəndlərin baş ağrısı, qol ağrısı, bir az yorğunluq və bəzən hərarət kimi yan təsirləri olduğunu, ancaq bir-iki günün içində keçdiklərini bildirir.
Şahinin sözlərinə görə, peyvənd allergik reaksiyaya da səbəb ola bilər amma bu hamıda baş vermir: «Allergiya nadir hallarda peyvəndin yan təsiri ola bilər - 50 min insandan birində. Allergiya ilk 30 dəqiqədə ola bilər. Bu səbəbdən aşıdan sonra 30 dəqiqə səhiyyə işçiləri yanında olmaq lazımdır».
Türkiyəli alim deyir ki, vaksinin kəşfinə baxmayaraq bu qış hər ölkə və hər kəs üçün çətin olacaq: «Vaksinlərimiz qış vaxtlarında infeksiyaları azaltmaq imkanında deyil. İnsanlar özləri də intizamlı olmalı, özlərini və başqalarını qorumalıdırlar. İndi peyvəndimiz yaşlı insanlara və səhiyyə işçilərinə veriləcək. Onları qoruya bilərik. Yayda infeksiya sayı azalacaq. Çünki korona infeksiyaları yayda azalır. Ümumilikdə vəziyyətin nəzarətə götürülməsi üçn insanların 70%-ə qədəri peyvəndlənməlidir. Buna nail olsaq, yayın sonunadək normal həyata qayıda bilərik».