Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizə yüksək riskli qida və yem məhsullarının idxalı ilə məşğul olan sahibkarlara növbəti xəbərdarlıq edib.
Azərbaycana qida və yem məhsullarının idxalına dair yeni qayda müəyyənləşib
AQTA-dan FED.az-a verilən xəbərə görə, 2024-cü il 1 yanvar tarixinədək təsdiq üçün Agentliyə müraciət etməyən və xarici ölkələrdə fəaliyyət göstərən qida obyektlərindən yüksək riskli qida və yem məhsullarının idxalına məhdudiyyət tətbiq olunacaq.
Bildirilir ki, yanvarın 1-dək təsdiq üçün rəsmi qaydada müraciət etməyən müəssisələrdən baytarlıq nəzarətinə aid - mal və mal əti, quş və quş əti, balıq və dəniz məhsulları, konservləşdirilmiş balıq və dəniz məhsulları, süd və süd məhsulları və heyvan yemi üçün istifadə edilən digər məhsulların ölkəmizə idxalı mümkün olmayacaq. Nəzərə alınmalıdır ki, qeyd olunan tarixdən etibarən yüksək risk qrupuna aid məhsulların istehsal və emal olunduğu xarici qida obyektlərinin təsdiqi idxal tələbinə aid ediləcək.
Xatırladaq ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, risk dərəcəsi nəzərə alınaraq, ölkəmizə qida və yem məhsullarının idxalı üçün həmin məhsulların istehsal və emal olunduğu xarici qida obyektləri təsdiq edilməlidir. Məhz qanunun tələblərindən irəli gələrək, Agentlik təsdiqdən keçməyən xarici qida obyektlərindən məhsul idxalına məhdudiyyət qoyulacağı ilə bağlı KİV-də dəfələrlə xəbərdarlıqlar edib. Buna baxmayaraq, Agentliyə bəzi ölkələrin istehsalçılarından təsdiqlə bağlı hələ də müraciətlər daxil olmayıb. Bir daha diqqətə çatdırılıb ki, müvafiq qiymətləndirmə aparılmayan və təsdiq edilməyən bu xarici qida obyektlərindən idxal dayandırılacaq və idxalçı şirkətlərlə bağlı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.