Bu ilin yanvar ayında Azərbaycana 47,3 milyon dollar dəyərində 1 min 459 ton əczaçılıq məhsulları idxal edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Gömük Komitəsinə istinadən xəbər verir ki, bu məhsul qrupu üzrə idxal ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 4,5 milyon dollar və ya 8,7%, miqdar ifadəsilə isə 1 min 218 ton, başqa sözlə 45,5% azdır.
Qeyd edək ki, 2025-ci ilin yanvar ayında ölkəyə 51,8 milyon dollar dəyərində 2 min 677 ton əczaçılıq məhsulları gətirilmişdi.
Bu ilin yanvar ayının nəticələrinə görə Azərbaycana idxal olunan əczaçılıq məhsullarının 1 kiloqramının orta idxal qiyməti 32,43 dollar (təxminən 55 manat 13 qəpik) təşkil edib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 19,37 dollar (təxminən 32 manat 93 qəpik) idi. Bu da illik müqayisədə 13,06 dollar (22 manat 20 qəpik) və ya 67,4% bahalaşma deməkdir.
Bu il yanvar ayında ümumi idxalın 3,63%-i əczaçılıq məhsullarının payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 2,53% olmuşdu.










