"Bakıdakı təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədilə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb".
Bunu Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ və Hospital işlər üzrə baş həkimin müavini Murad Mirzəzadə qurumun yekun hesabatına həsr olunan mətbuat konfransında deyib.
Onun sözlərinə görə, keçən il Stansiya sənədləşmə işlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra səmərələşdirici təkliflər irəli sürüb: "Belə ki, təcili tibbi yardımın müasir tələblərə cavab verən, təcili tibbi yardım həkiminin sənədləşmə işinə sərf etdiyi vaxta qənaət etmək məqsədi ilə yeni "Çağırış vərəqi" forması və onların elektron variantı hazırlanıb. "Çağırış vərəqi" forması planşetlərə yüklənərək təcili tibbi yardım həkimlərinin istifadəsinə veriləcək. bu isə elektron səhiyyənin inkişafına, vətəndaşların sağlamlığı vəziyyətinə "Elektron sağlamlıq kartı" vasitəsiləelektron nəzarət sistmeinin tədbiqinə yardım etmiş olacaq".O, həmçinin qeyd edib ki, Stansiyaya edilən zənglər hesabına çağırış ünvanının müəyyənləşdirilməsi təklifi ilə Səhiyyə Nazirliyinə də müraciət edilib: "Hazırda bu təklif araşdırılır. Çünki bəzən çağırış edən şəxs öz ünvanını dəqiq deyə bilmir. Bu da öz növbəsində tibbi briqadanın çağırış ünvanını müəyyənləşdirməyə çətinlik yaradır. Belə olanda da biz çağırışçılara kommuunal xidmətlərin qəbzlərinin üzərindəki ünvanları bizə demələrini xahiş edirik".
Report©