Vyanada bütün qastronomiya obyektlərində müştərilər koronavirus pandemiyası ilə əlaqədar icbari şəkildə siyahıya alınacaqlar.
FED.az xəbər verir ki, şəhər meriyasının sərəncamına əsasən siyahıyaalma sentyabrın 28-dən qüvvəyə minəcək. Meriyadan bildirilib ki, bu yolla koronavirusa yoluxma hallarının erkən müəyyənləşməsi və yoluxmuş şəxslərin sosial çevrəsinin təcrid edilməsi asanlaşacaq.
Vyana şəhərinin meri Mixael Ludviq qeyd edib ki, kafe və restoranların girişində müştərilər xüsusi anketdə şəxsi məlumatlarını yazmalıdırlar. Bundan imtina edənlərə xidmət göstərilməsi qadağan ediləcək. Dörd həftəlik müddətdən sonra şəxsi məlumatların əks olunduğu anketlər məhv edilməlidir.
Müxalifət partiyaları isə meriyanın bu addımını tənqid atəşinə tutublar və bu kimi siyahılarda saxta adlardan, eləcə də başqasının adından istifadə kimi sui-istifadə hallarının mümkünlüyünə diqqət çəkiblər. Eyni zamanda, qeyd edilib ki, hər bir vətəndaşın hansı kafe və restorana getməsini izləmək insan hüquq və azadlıqlarının məhdudlaşdırılması aktıdır. (Azərtac)