“Təcrid olmaq bir seçim deyil. Beynəlxalq əməkdaşlıq vacibdir. Yeganə imkan birgə mübarizədir”.
FED.az xəbər verir ki, bu sözləri XII Qlobal Bakı Forumunun “Çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması” adlı panel iclasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, ABŞ-ın Ümumdünya Səhiyyə Təşkilatından çıxması itkidir: “Lakin biz yeganə təşkilat deyilik. ABŞ inkişafa dəstəyin 30 faizini ödəyir. Odur ki bu maliyyənin ödənilməməsi səhiyyəyə təsir göstərəcək. Məsələn, Qazanılmış İmmunçatışmazlığı Sindromuna (QİÇS) qarşı mübarizəyə və digər sahələrə maliyyə yardımının göstərilməməsi qabaqcıl tədbirlərin görülməməsinə səbəb olacaq. Anbarlarda kifayət qədər dərmanların olmaması, çatdırılmanın gecikməsi müalicəni çətinləşdirir. Burada xüsusilə, Afrika qitəsini qeyd etmək lazımdır. Yeddi yüzdən çox laboratoriyanın fəaliyyətini dayandırmalı olacağıq”.
“ABŞ-dan gələn resurslar ölkələrdə fövqəladə halların idarə edilməsinə kömək edir. Maliyyə dayansa, bu sözsüz ki, çox böyük problemlərə səbəb olacaq. Fövqəladə hallara hazırlıq zəifləyərsə, bir çox xəstəliklərə vaxtında müdaxilə etmək mümkün olmayacaq. ABŞ islahatlar istəyirsə, biz bütün islahatlara açığıq”, - deyə o əlavə edib. (Azərtac)