“COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində tətbiq olunan karantin qaydaları bir sıra ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq yumşaldılsa da, unutmayaq ki, virus hələ də bizimlədir”.
FED.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib. O qeyd edib ki, tibbi maskadan istifadə və digər məhdudiyyətlərlə bağlı qərarlar epidemioloji vəziyyət nəzərə alınaraq verilir.
"Maska taxmaq xüsusilə qapalı yerlərdə virusa yoluxmanın qarşısını almaq üçün vacibdir. Bu səbəbdən hələ də bir çox ölkələrdə ictimai nəqliyyat kimi əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə qərarı qüvvədədir. Azərbaycanda maskadan istifadə ilə bağlı hər hansı qərarın qəbulu qarşıdakı müddətdə yoluxma hallarının sayından asılı olaraq veriləcək. Sərhədlərin açılması ilə bağlı qərar hər ölkənin öz səlahiyyətindədir və hökumətlər tərəfindən epidemioloji vəziyyətə uyğun tənzimlənir”, – deyilib. (Apa)