Məlum olduğu kimi, 2014-cü ildə respublikamızın Biləsuvar, Cəlilabad, Ucar və Ağdaş rayonları ərazilərində iribuynuzlu heyvanların nodulyar dermatit xəstəliyi qeydə alınıb.
Qida Təhlükəsizliyi Agentliyindən FED.az-a verilən məlumata görə, heyvanların yoluxucu xəstəliyi olan nodulyar dermatit viruslar tərəfindən törədilir və ölkəmizdə ilk dəfə 2014-cü ildə baş verib. Bu viruslar qansoran həşəratlar vasitəsilə də yayıldığı üçün bəzi hallarda mövsümi epizootiyaların yaranmasına səbəb olur. Xəstəlik heyvanların tələfatı və onların məhsuldarlığının aşağı düşməsinə, bununla da ciddi iqtisadi itkilərə səbəb olur. Ona görə də Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) müvafiq təlimatlarına əsasən, xəstəlik baş vermiş ölkələrdən və ya zonalardan iribuynuzlu heyvanlar və onlara aid məhsulların ixracatına məhdudiyyət tətbiq edilir.
Bununla bağlı ölkəmizin üzv olduğu OIE-nin müvafiq tələblərinə əsasən, xəstəlik aşkarlanandan dərhal sonra xəstəlik ocaqlarının ləğv olunması və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi istiqamətində işlər aparılıb, epizootik sağlamlıq statusu bərpa olunanadək həmin təşkilata dövri olaraq məlumatlar təqdim edilib.
Sözügedən xəstəliyin digər ölkələrə keçməsinin qarşısının alınması məqsədilə, OIE-nin tələblərinə uyğun olaraq, Azərbaycan Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı ilə əlaqədar məhdudiyyətlər siyahısına salınıb.
2021-ci il 27-29 sentyabr tarixlərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin nümayəndə heyətləri arasında keçirilən görüşdə xəstəliklə mübarizə tədbirləri barədə ətraflı məlumat verilib, görülən tədbirlər sayəsində xəstəliyin 2014-cü ilin noyabr ayından sonra ləğv edildiyi və həmin tarixdən respublikada nodulyar dermatit xəstəliyinə rast gəlinmədiyi qardaş ölkənin nümayəndə heyətinin diqqətinə çatdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində ölkədən Türkiyə Respublikasına heyvan və heyvan mənşəli məhsulların ixracı zamanı tətbiq olunan nodulyar dermatit xəstəliyi ilə bağlı məhdudiyyət aradan qaldırılıb.