Türkiyədə yeni növ koronavirus (COVID-19) pandemiyasına qarşı aparılan çoxistiqamətli mübarizə tədbirləri çərçivəsində bəzi vilayətlər üzrə xüsusi karantin qaydaları müəyyən olunub.
Eləcə də bax: Qalmaqallı toy sahiblərinin məhkəməsi - Canlı Yayımda - VİDEO
FED.az ölkənin Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, avqustun 26-dan etibarən Ankara, Adana, Ağrı, Bursa, Çorum, Diyarbəkir, Ərzurum, Gaziantəp, Kayseri, Konya, Mardin, Şanlı Urfa, Van və Yozgat olmaqla 14 vilayətdə sünnət, nişan və xınayaxdı mərasimlərinin keçirilməsinə icazə verilməyəcək. Toy mərasimləri bir saat olacaq. Gəlin və bəyin birinci və ikinci nəsildən olan doğmaları istisna olunmaqla, 65 yaşdan yuxarı və 15 yaşdan aşağı təbəqənin təmsilçilərinə toyda iştirak qadağan ediləcək. Rəqslər, o cümlədən yallı çəkilməsi, açıq şəkildə yeməklərdən istifadəyə icazə verilməyəcək. Bu qaydaları pozan tərəflərə pul cərimələri kəsiləcək.
Qeyd edək ki, Türkiyə üzrə 98 min 231 nəfər testdən keçirilib. Onlardan 1502 nəfər xəstə çıxıb. Bu göstərici iki gün əvvəlki vəziyyətlə müqayisədə 285 nəfər çoxdur. Sutka ərzində ölkə üzrə 887 nəfər sağalıb, 24 nəfər həyatını itirib.
Ekspertlər hesab edir ki, kütləvi tədbirlər, xüsusilə də rəqs və yallı olan mərasimlər məlum infeksiyanın kütləvi yoluxmasına səbəb olur. (Azərtac)