Hazırda Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasında xəstəliyin səviyyəsindən asılı olaraq, transplantasiya əməliyyatına ehtiyacı olan insanların siyahısı hazırlanır.
FED.az xəbər verir ki, bunu Trend-ə Səhiyyə Nazirliyinin Transplantologiya işinin təşkili üzrə Əlaqələndirici Şurasının üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) Cərrahiyyə və Orqan Transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi deyib.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycanda indiyədək 500-ə yaxın insana orqan köçürülüb.
Donorların da sayı nəzərə alınarsa, indiyədək təxminən 1000-ə yaxın xəstə transplantasiya əməliyyatına məruz qalıb.
M.Kazımi qeyd edib ki, 2008-ci ildən bu günə qədər 107 qaraciyər, 346 böyrək transplantasiyası əməliyyatı icra edilib. Azərbaycanda transplantasiya edilənlər arasında uşaqlar olsa da, onlarda orta yaşlılar üstünlük təşkil edir.
M.Kazımi əlavə edib ki, qaraciyər transplantasiyası əməliyyatı olunanlar arasında ümumi ölüm göstəricisi 23,3 faizdir:
"Amma onların bir çoxu əməliyyatdan 1, 3, 5 il sonra müəyyən səbəblərdən vəfat edib. Xəstələrimizin 11,6 faizi, yəni 12 nəfəri transplantasiya olunduqdan sonra xəstəxanada yatdığı müddətdə dünyasını dəyişib. Dünya statistikasına görə, qaraciyər transplantasiyasından sonra fəsadlaşma və ölüm göstəriciləri təxminən 20-30 faizdir. Azərbaycanda əməliyyatdan sonrakı ilk bir ildə ölüm faizi 11,6 faizdir".
M.Kazımi qeyd edib ki, böyrək transplantasiyası olan adamlar arasında ölüm göstəricisi 4,7 faizdir.
Onun sözlərinə görə, həmin şəxslərin də hamısı əməliyyatdan sonra dünyasını dəyişənlər deyil.
Şura üzvü əlavə edib ki, indiyədək böyrək transplantasiyası nəticəsində 15 nəfər dünyasını dəyişib:
"Transplantasiya edilən orqanın əməliyyatdan sonrakı "ömrü"nün nə qədər olacağını proqnozlaşdırmaq mümkün deyil. Çünki bu, individualdır. Transplantasiyadan sonra orqanın sağlam qalmasına təsir göstərən ən başlıca amil şəxsin həmin orqanın sağlamlığına nə dərəcədə yanaşmasından asılıdır. Dünya praktikasında əməliyyatdan sonra 20-30 il yaşayan insanlar da olub".
M.Kazımi hazırda Azərbaycanda orqan bağışlanması sisteminin olmamasına da təəssüf edib: "Amma yaxın gələcəkdə belə bir sistemin olacağına inanıram".