Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərar verib.
Eləcə də bax: Prezident koronavirusla mübarizəni gücləndirmək üçün 97 milyon manat ayırdı - SƏRƏNCAM
FED.az məlumat verir ki, ödəmənin nə vaxt veriləcəyi ilə bağlı “Qafqazinfo”ya tibb işçilərindən çoxsaylı müraciətlər daxil olub.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirilib ki, hazırda ödənişlərin verilməsi prosesinə başlanılmayıb:
“Biz tibb müəssisələrinə müraciət etmişik ki, koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin siyahısını bizə göndərsinlər. Daha sonra həmin siyahılar əsasında hesablamalar aparılacaq. Xəstəxanalardan göndərilən siyahılara uyğun olaraq tibb işçilərinə Nazirlər Kabinetinin qərarında nəzərdə tutulmuş ödəmələr ediləcəkdir. Hazırda tibb müəssisələrindən siyahıların əldə edilməsi mərhələsindəyik. Eyni zamanda, digər dövlət qurumları ilə birlikdə özümüzdə də müəyyən hesablamaları aparırıq.
Qısa müddətdə bununla bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək”.