TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqları artırılır.
FED.az xəbər verir ki, bunu TƏBİB-in (Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi) icraçı direktoru Anar Bayramov mətbuat konfransında deyib.
O bildirib ki, əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək:
“Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat və ya 13,66 faiz artacaq. Əməkhaqqı artımları vəzifə, ixtisas, iş yükü, fəaliyyət göstəriciləri və regionlarda mövcud kadr təminatı nəzərə alınmaqla diferensiallaşdırılacaq”.
O qeyd edib ki, regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək ki, bu da 107 faiz artım deməkdir:
“Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq (artım 950 manat və ya 66 faiz). Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq (artım 800 manat və ya 55 faiz). Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir”- A.Bayramov əlavə edib. (Apa)












