"Bir sıra ölkələr Azərbaycan səhiyyə modelinin tətbiqi ilə maraqlanır".
Respublika Perinatal Mərkəzinə yeni direktor - TƏYİN OLUNUB
FED.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov deyib.
Hazırda Azərbaycanda səhiyyənin idarə edilməsində üç qurumun - Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyət göstərməsi ilə bağlı sualı cavablandıran V.Qurbanov bildirib ki, hər üç qurumun fəaliyyəti sahəvi olaraq düzgün şəkildə müəyyən edilib: "Bu gün səhiyyə, tibb sahəsində koordinasiyalı fəaliyyət, səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Səhiyyə Nazirliyi əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Səhiyyə sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini, sahənin inkişafı üzrə müxtəlif proqramların hazırlanmasını və həyata keçirilməsini təmin edir".
İcraçı direktor vurğulayıb ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi isə icbari tibbi sığortanın tətbiqini təmin edən, Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir: "Əsas fəaliyyət istiqaməti icbari tibbi sığorta sahəsində vahid siyasətin formalaşdırılmasında, əhalinin icbari tibbi sığortalanmasının həyata keçirilməsində iştirak etmək və bu siyasətin həyata keçirilməsini təmin etməkdir".
V.Qurbanov “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin publik hüquqi şəxsin (TƏBİB) tabeliyinə verilən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin idarə edilməsini və bu sahədə nəzarəti həyata keçirən qurum olduğunu xatırladıb: "TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB həmçinin tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Göründüyü kimi, hər üç qurumun əsas məqsədi əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etməkdir. Ölkəmizdə tətbiq edilən model bir çox ölkələrdə sınanılmış mexanizmdir. Hətta mən deyərdim ki, bir sıra ölkələrin aidiyyəti üzrə səlahiyyətli şəxsləri ilə görüşdükdə Azərbaycan modelinin tətbiqi ilə maraqlanırlar və təcrübə mübadiləsi aparırlar". (Report)