Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi təsdiq edilib.
FED.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev müvafiq Fərman imzalayıb.
Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilib.
Nazirlər Kabinetinə bu Fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etməli, Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlididir.
***
“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
3. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi:
3.1. strukturunu, əməyin ödənişi fondunu, işçilərinin say həddini və əməkhaqlarının (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) məbləğini bir ay müddətində təsdiq etsin;
3.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.