Bu gün saat 16:05 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasının İnfeksion xəstəliklər şöbəsinə 19 nəfər (16 qadın, 3 kişi olmaqla) hospitalizasiya olunub.
FED.az xəbər verir ki, TƏBİB-dən bildirilib ki, dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.
Məlumata görə, hazırda 14 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri qənaətbəxş olan 5 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.
Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, nəticələrlə bağlı məlumat veriləcək. (Report)