Bakının Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunun ərazisində fəaliyyət göstərən, Həsənov Röyal Allahverdi oğluna məxsus süd və süd məhsullarının istehsalı müəssisəsində qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
Eləcə də bax: “AZ FP CO LTD” MMC-nin istifadəyə yararsız süd məhsulları - MƏHV EDİLİB
FED.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) iatinadən xəbər verir ki, müəssisədə sanitar-gigiyenik qaydalara, texnoloji ardıcıllığa, mal qonşuluğu prinsipinə və temperatur rejminə riayət olunmadığı, süd məhsullarının ilkin istehsalı, istehsalı və qablaşdırılmasının eyni sahədə həyata keçirildiyi müəyyənləşdirilib. Həmçinin istehsal olunan məhsulların etiketlənməsində uyğunsuzluqlar, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar edilib. Müayinələrin aparılması üçün məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
AQTA-dan bildirilir ki, aşkar olunmuş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib. Müəssisədə istehsalın dayandırılmasına dair məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.