Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağdam rayonu, Sarıcalı kəndində fəaliyyət göstərən fiziki şəxs Məmmədov Hüseyn Əli oğluna məxsus olan süd və süd məhsullarının istehsalı müəssisəsində aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkarlanıb.
FED.az xəbər verir ki, AQTA-nın yaydığı məlumatda bildirilir ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl edilmədiyi, istifadə edilən xammalların üzərindəki etiket məlumatlarının Azərbaycan dilinə tərcümə edilmədiyi, anbarda saxlanılan hazır məhsulların üzərində müvafiq etiketlərin olmadığı, əllərin yuyulması üçün sahələrin müvafiq qaydada yerləşdirilmədiyi və əlyuma çanaqları ilə təchiz olunmadığı, pəncərələrin qoruyucu tor örtüklə təmin olunmadığı, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin qida məhsullarının istehsal sahələrində saxlanıldığı, çirklənməyə qarşı müdafiə üçün münasib şəraitin təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı müəyyənləşdirilib.
Həmçinin işçi heyətin soyunub-geyinmə otaqları ilə təmin edilmədiyi, tibbi müayinədən keçmədiyi və digər nöqsanlar aşkar edilib.
Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib. Araşdırmalar davam etdirilir.