Müstəqil şəkildə fəaliyyət göstərən stomatloloji klinikaların sayı günbəgün artır. Təklif olunan xidmətlər demək olar ki, bir-birindən o qədər də fərqlənməsə də qiymətlər müxtəlifdir. Məsələn, bir klinikada 10 manata, digərində isə 50 manata diş çəkirlər. Amma hər bir pasiyent üçün ən önəmli olan nüans xidmətin keyfiyyəti və gigiyenik standartların qorunmasıdır.
FED.az bu biznes sahəsindəki rəqabət dinamikasını və ümumi oxucu marağını nəzərə alaraq Bakıda fəaliyyət göstərən stomatoloji klinikalardakı xidmət və qiymət təkliflərini təqdim edir.
Daha çox “karonka” üçün müraciət edirlər
Səməd Vurğun 25 ünvanında yerləşən “Dental Med” klinikasında diş ətinin müalicəsi, karyesin təmizlənməsi, diş köklərinin müalicəsi, kanal müalicəsi, panoromik rentgen, karonka (protezləmə), plomblama və digər bu kimi ağız boşluğunun müalicə və müayinəsi ilə bağlı bir çox xidmət təklif olunur.
“Dental Med” klinikasın sahibi və Baş həkimi Muhsin Sarıhan FED.az-a açıqlamasında bildirdi ki, bu klinikaya müraciət edən pasiyentlər daha çox çürük dişlərin müayinə və müalicəsi və karonka (protezləmə) xidmətlərindən istifadə edirlər. Klinikada çürük dişlərin müalicəsi 150-400 manat, karonka yerləşdirilməsinin qiyməti isə 250-700 manat arasında dəyişir. Türkiyəli stomatoloq bildirir ki, klinikadakı bütün avadanlıqlar gigiyenik standartlara tam uyğundur.
10 manatdan 100 manata qədər
Ceyhun Hacıbəyli küçəsində yerləşən “Dental Club” klinikası ağız böşluğu ilə bağlı müayinədən cərrahiyyəyə qədər bütün növ stomatoloji xidmətlər təklif edir. Bura müayinə, plomblama, kanal müalicəsi, ortodantik müalicə (diş əyriliyi), diş daşlarının təmizlənməsi, karonka, keramik diş və dişin çəkilməsi kimi bir çox xidmət daxildir. Klinikadan bildirdilər ki, bu xidmətlərin qiyməti dişin vəziyyətindən və göstərilən xidmət növündən asılı olaraq 10-100 manat arası dəyişir.
“Dental Club”a müraciət edən pasiyentlər daha çox plomblama xidmətindən istifadə edir. Bu xidmətin dəyəri 30-40 manat təşkil edir. Diş çəkmənin qiyməti isə 10 manatdır.
50 manata diş çəkirlər
Əbdülvahab Salamzadə küçəsində yerləşən “Dental World B.I.” klinikasında da gigiyenik, cərrahiyyə, diş daşlarının təmizlənməsi, diş çəkmə, plomblama, karyesin təmizlənməsi kimi bütün növ stomatoloji xidmətlər təklif olunur. Klinikadan bildirdilər ki, karyesin aradan qaldırılması 50-150 manat, diş daşlarının təmizlənməsi ilə bağlı təklif olunan 2 müxtəlif paketin hər birinin qiyməti 100 manat, diş çəkmək 50 manat, diş plomblama 50 manatadır.
Bu klinikaya da pasiyentlər ən çox plomblama xidməti üçün müraciət edirlər. Klinikanın məlumatına görə, breketləmə xidmətindən istifadə edənlərin sayı da çoxdur, qiyməti isə breketin materialından asılı olaraq dəyişir.
1500 manata cərrahiyyə xidməti
“32 Beauty” klinikasında karyesin aradan qaldırılması və diş daşlarının təmizlənməsi, implantalogiya və cərrahiyyə xidmətləri göstərilir. Klinikadan verilən məlumata görə, cərrahiyyə xidmətlərinin qiyməti dişin xəstəliyindən və vəziyyətindən asılı olaraq 20 manatdan 1500 manata qədər dəyişir. Burada karyesin aradan qaldırılması xidməti 40-150 manat, diş daşlarının təmizlənməsi isə 60-100 manat təşkil edir.
Bu klinikada müayonə pulsuzdur
Zaur Kərimov küçəsində yerləşən “Dent Star” klinikasında diş ətinin müalicəsi, diş daşlarının təmizlənməsi, karyesin aradan qaldırılması, cərrahiyyə, plomblama, karonka kimi stomatoloji xidmətlər təklif edilir. Klinikadan aldığımız məlumata görə, burada ilkin müayinə pulsuz həyata keçirilir. Digər müayinə və cərrahiyyə xidmətlərində isə hər pasiyentə individual yanaşılır. Yəni, qiymət dişin ümumi, pasiyentin maddi vəziyyətinə görə dəyişir. Klinikadan verilən məlumata görə, bəzən elə xəstə olub ki, maddi vəziyyəti yaxşı olmadığı üçün onun müalicəsi də ödənişsiz həyata keçirilib.
Məmməd Ağayev
Stomatoloji klinikalarda XİDMƏTLƏR, QİYMƏTLƏR
12:53
23 Aprel 2018