Azərbaycanda əhalinin hər 3 nəfərindən 2-si son bir ildə həkim müayinəsindən keçib.
FED.az xəbər verir ki, bu - Sosial Tədqiqatlar Mərkəzi tərəfindən «Sonuncu dəfə nə vaxt həkim müayinəsindən keçmisiniz?» mövzusunda keçirilən ictimai rəy sorğusundə məlum olub.
Nəzərə alanda ki, xəstəliklərin qarşısını almaq onu müalicə etməkdən daha asandır, bu halda müntəzəm həkim müayinəsindən keçməyin əhəmiyyəti aydın olur. Müayinələrin tezliyi ilə bağlı tövsiyələr insanların sağlamlıq vəziyyətinə, yaşına və risk faktorlarına görə dəyişir. Bu sahədəki beynəlxalq normativlərdə 45-50 yaşından aşağı sağlam insanların hər iki-üç ildən bir, bu yaş həddindən yuxarı şəxslərin ən az ildə bir dəfə həkim müayinəsindən keçməsi tövsiyə olunur.
Normativlərə baxmayaraq, Dünya Səhiyyə Təşkilatının ötən il üzrə məlumatlarına görə, dünya əhalisinin 30%-i üçün ilkin səhiyyə xidmətləri hələ də əlçatan deyil. Həmçinin dünya əhalisinin 25%-dən çoxu yoxsullaşdırıcı, ağır səhiyyə xərcləri ilə üz-üzədir.
Sosial Tədqiqatlar Mərkəzi tərəfindən keçirilən sorğunun nəticələrinə görə, Azərbaycanda insanların 39,2%-i son üç ay ərzində həkim müayinəsində olub.
Sorğu iştirakçılarının 15,0%-i son altı ay ərzində, 11,3%-i son bir il ərzində həkim müayinəsində olduğunu bildirib. Təqribən hər beş nəfərdən biri bir ildən daha uzun bir müddətdir həkim müayinəsindən keçib, 13,9%-i sonuncu dəfə nə vaxt həkim müayinəsində olduğunu xatırlamayıb.
18-24 yaş qrupunda olanların ümumilikdə 39,1%-i “bir ildən çoxdur” və “xatırlamıram”, 21,7%-i “son bir il ərzində” cavabını qeyd edib.
35-44 yaş qrupunda olanların 38,1%-i, 55-64 yaş qrupunda olanların 45,9%-i son üç ay ərzində həkim müayinəsindən keçdiyini bildirib.
Orta təhsilə malik respondentlərin 36,4%-i, ali təhsilə malik olanların 45,1%-i son üç ay ərzində həkim müayinəsindən keçib.
Sorğu iştirakçıları arasında dövlət sektorunda işləyənlərin 44,7%-i, təqaüdçülərin 46,4%-i, özəl sektorda (muzdlu) çalışanların 31,6%-i, fərdi əmək fəaliyyəti ilə məşğul olanların 31,8%-i son üç ay ərzində həkim müayinəsindən keçib.
Məlumat üçün qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən bütün ölkə üzrə əhalinin tibbi sığortaya cəlb olunması, baza zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təmin olunur. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 2022-ci ilin yanvar-noyabr ayları üzrə məlumatlarına əsasən, bu dövr ərzində dövlət tibb müəssisələrinə 4 milyon 350 min nəfərdən çox şəxs müraciət edib. Səhiyyə sahəsinə qanunvericilik aktlarına görə, təhsil alanlar, hərbi qulluqçular, eləcə də əmək fəaliyyəti ilə məşğul olanlar işə qəbul edilərkən və sonrakı dövrdə məcburi dövri tibbi müayinədən keçirilir.
Sorğu 2022-ci ilin dekabr ayında 18 yaşından yuxarı 384 nəfər arasında telefonla müsahibə formasında keçirilib, könüllü iştirak və anonimlik prinsipləri qorunub. Sorğu 12 iqtisadi rayonu əhatə edib və gender balansı təmin edilib. Nəticələrin əminlik intervalı 95%, xəta payı 5%-ə bərabərdir.