Azərbaycana heyvandarlıq məhsulları tədarük edən Rusiya istehsalçıları Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu tərəfindən yoxlamadan keçməsələr, 2023-cü il sentyabrın 1-dən sonra bu imkandan məhrum ola bilərlər. Bu barədə “Rosselxoznadzor”un məlumatında deyilir.
Bu ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyuldu
FED.az xəbər verir ki, “Rosselxoznadzor” Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nümayəndələri ilə danışıqlar aparıb. Danışıqlar zamanı respublikada “Qida təhlükəsizliyi haqqında” qanunun qüvvəyə minməsi ilə bağlı məsələlər müzakirə edilib. Buna uyğun olaraq Azərbaycan bazarına tədarükdə maraqlı olan heyvan mənşəli məhsullar və yem istehsalı üzrə xarici müəssisələr Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun təşkil etdiyi yoxlamalardan keçməlidir. Yoxlamaların həm səyyar, həm də videoformatda keçirilməsi planlaşdırılır.
“Agentlik Azərbaycana heyvandarlıq məhsulları göndərən bir çox Rusiya təşkilatının indiyədək institutla yoxlamaların aparılması ilə bağlı müqavilə bağlamamasından narahatlığını bildirib. Əgər müəssisələr 1 sentyabr 2023-cü il tarixinədək müqavilə bağlamasalar, Azərbaycan tərəfi müqavilə bağlanana və müvafiq yoxlama aparılana qədər onların məhsul ixracına məhdudiyyət qoyacaq”, - deyə məlumatda bildirilir.(İnterfaks-Azərbaycan)