"Azərbaycan Respublikası səhiyyə nazirinin müvafiq əmri ilə Azərbaycan Səhiyyə Nazirliyinin, Azərbaycan Baş Prokurorluğunun, Azərbaycan Daxili İşlər Nazirliyinin və Azərbaycan Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb".
Plastik cərrahiyyə klinikaları yoxlanılacaq - Xüsusi Təftiş Komissiyası yaradılıb
FED.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin plastik cərrahlara müraciətində bildirilib.
Qeyd edilib ki, Azərbaycan ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahlar peşə fəaliyyətinin qanunauyğunluğunu təsdiq edən sənədlərinin notariat qaydasında təsdiq edilmiş surətlərini (baza ali tibb təhsili, diplomdansonrakı təhsilə aid bütün sənədlər, əmək kitabçası, tibbi fəaliyyət ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə, sertifikasiya şəhadətnaməsi və s.) yanvarın 31-ə kimi Səhiyyə Nazirliyinə şəxsən təqdim etməlidirlər.
"Mütəxəssis tərəfindən sənədlər tələb olunan qaydada və tarixədək təqdim edilmədiyi təqdirdə, bu hal onun praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsinin ləğvi üçün əsas olacaq", - müraciətdə vurğulanıb.