Səhiyyə Nazirliyinin mütəxəssisi, Azərbaycan Tibb Universitetinin Uşaq xəstəlikləri kafedrasının professoru, tibb elmləri doktoru Hüseyn Qabulov ən təhlükəli qida allergenlərin siyahısını açıqlayıb.
FED.az xəbər verir ki, H.Qabulov allergiyanın ən çox inək südünə, ondan hazırlanan məhsullara qarşı yarandığını bildirib.
Onun sözlərinə görə, xüsusilə bir yaşınadək olan uşaqlarda özünü göstərir: “Bəlkə də təbiət tərəfindən elə qurulub ki, yenidoğulmuş dövrdə körpənin immun sistemi yalnız ana südünü qəbul edir və inək südünə kəskin reaksiya göstərir. Adətən körpələrin 80 faizində zaman keçdikcə inək südünə allergiya itir. Körpələrdə allergiyanın ən çox yayılma səbəblərindən biri də toyuq yumurtasıdır. Bu, kifayət qədər faydalı məhsuldur, yaxşı həzm olunur və uşağın böyüməsi və inkişafı üçün son dərəcə vacibdir. Toyuq yumurtaları uşağın həyatının ilk ilindən qida rasionuna daxil edilir. Eyni zamanda, o allergenliyini göstərə bilər. Yumurta ağındakı zülal həmçinin allergik reaksiyaya səbəb ola bilir”.
Mütəxəssis vurğulayıb ki, fıstıq ən təhlükəli allergenlərdən biridir: “Əksər hallarda, o insanı həyatı boyu müşayiət edir. Fıstıq allergiyası olan uşaqlarda hətta bu məhsulu yanında kiminsə yediyi zaman belə reaksiya inkişaf edə bilər. Fıstığın mikro hissəcikləri havaya düşərək allergik reaksiyaya səbəb ola bilər. Tez-tez rast gələn allergiya növlərindən də biri buğda allergiyasıdı, yəni, tərkibində buğda olan məhsullara allergiya. Əsasən bu allergiya böyüklər üçün tipikdir, lakin son illərdə uşaqlarda da getdikcə daha çox yayılıb. Uşaqlarda buğda allergiyası o qədər ciddi ola bilər ki, hətta bütün ailə tərkibi buğda olan məhsullardan imtinaya məcbur olacaq. Buğda allergiyası uşaqlar yaşlandıqca azala bilər”.
“Qoz allergiyası uşaqlar arasında tez-tez rast gələn qida allergiyasından biridir və bunlara fındıq, badam, keşyu və s. qarşı reaksiyalar daxildi. Qoz alergiyası əksər hallarda genetik olaraq keçir. Balıq da yüksək dərəcədə alerjenik bir məhsuldur. Əgər uşağın hər hansı bir balıq növünə alergiyası varsa, onda digər balıq növlərinə də qarşı yüksək həssaslıq qeyd olunur. Balıq allergiyasının yaş artdıqca itməsi nadir hallarda rast gəlinir və hətta daha şiddətli ola bilər. Bəzi uşaqlarda, balıq qızardılarkən onun qoxusuna güclü bir reaksiya inkişaf edə bilər. Ümumiyyətlə, 70 -dən çox məhsul növü qida allergiyasına səbəb ola bilər. Bunların arasında bal, sitrus meyvələri, çiyələk, kivi, pomidor, kakao və s. yer alır. Qida allergiyalarının simptomları yüngül narahatlıqdan təcili tibbi yardım tələb edən ağır və ya həyati təhlükəli reaksiyalara qədər dəyişir. Bu simptomlara aiddir narahatlıq, qaşınma, qızartı, ağızda, dodaqlarda, yanaqlarda, başda və bədəndə şişkinlik, öskürək, asqırma, nəfəs darlığı və tənəffüs yollarından fit səsi ilə gələn bir nəfəs, qarın ağrısı, ürək bulanması, qusma və s”- deyə o əlavə edib.