Bu gün Prezidentin sərəncamı ilə Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad ediləndən sonra həmin vəzifəni icra edən Teymur Musayevin bioqrafiyası maraq doğurub.
Eləcə də bax: Səhiyyə naziri vəzifəsinin icrası bu şəxsə tapşırıldı - SƏRƏNCAM
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, T.Musayev 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetini bitirib. Strasburq Universitetində Laparoskopik Cərrahiyyə üzrə təhsilini davam etdirib, ardınca isə Latviyada “Riga Stradins” Universitetində Sağlamlığın idarəedilməsi üzrə magistratura pilləsini bitirib.
T.Musayev 2007-2015-ci illərd Tusi adına Klinikanın direktoru olub. 2015-2018-ci illərdə “Dobromed” klinikasına rəhbərlik edib. Həmçinin, 2016-2019-cu illərdə Qəbələ şəhərində yerləşən “Chenot Palace” Sağlamlıq Mərkəzinin direktoru işləyib.
2019-2020-ci illərdə İtaliyada fəaliyyət göstərən “Medwellness&SPA” mərkəzinin baş beynəlxalq məsləhətçisi olub.
2020-ci ildən bugünkü təyinatına qədər Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri olub.
Teymur Musayev COVID-19 pandemiyası ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqlərində çıxış edərək vaksinləmə prosesi barədə məlumat verib və sualları cavablandırıb.
Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Teymur Musayevin səhiyyə nazirinin birinci müavini təyin edilməsi və səhiyyə naziri səlahiyyətlərinin ona həvalə edilməsi haqda sərəncamlar verib.