"Biz çox istərdik ki, vətəndaşlarımızın sağlamlığının qorunması üçün vacib hesab edilən bütün tibbi xidmətlər, o cümlədən ambulator şəraitdə dərman təminatı Xidmətlər Zərfinə daxil olsun. Bunun üzərində də çalışırıq".
Ekspert: Dərmanların ekspertiza tariflərinin azaldılması bazarda rəqabəti artıracaq
FED.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı hesabat və strateji hədəflər mövzusunda keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, mərhələləli şəkildə ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur:
"İlk il ürək-damar sistemi xəstəlikləri, 2-ci il həzm sistemi, növbəti ildə isə tənəffüs sistemi xəstəlikləri üçün dərman vasitələrini sığortaya daxil etməyi hədəfləmişik. Vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması nəzərdə tutulub. Həmçinin dərman vasitələrinin pozitiv siyahısı hazırlanacaq. Pozitiv siyahı ambulator şəraitdə sığorta ilə qarşılanan dərman vasitələrinin məcmusudur. Əlbəttə ki, bütün bu qeyd etdiklərim layihə şəklində hazırlanır, rəy və təklifləri öyrənmək məqsədilə aidiyyəti qurumlara təqdim ediləcək".
Agentlik sədri, həmçinin deyib ki, sığortanın tətbiqindən sonra 349 sayda ambulans alınıb:
"İcbari tibbi sığortanın tətbiqindən əvvəl ambulanslara olan ehtiyacın ödənilən hissəsi 40% idisə, hazırda 64% təşkil edir". (Apa)